Alyaskalılar Putinin gəlişinə etiraz edirlər
Alyaskanın ən böyük şəhəri olan Ankoricdə ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında mümkün görüşlə bağlı etiraz aksiyası hazırlanır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Stand Up Alaska” siyasi təşkilatının saytında bildirilib.
Təşkilatçılar sammitdən bir gün əvvəl – avqustun 14-nə etiraz aksiyası təyin ediblər. Tədbir “Alyaska Ukrayna ilə” şüarı altında keçiriləcək.
“Qubernatorun razılığı ilə prezident Donald Tramp Vladimir Putini dəvət etdi. Biz həm Trampa, həm də Putinə aydın mesaj göndərmək üçün toplaşırıq: Alyaska qətiyyətlə avtoritarizmə qarşıdır”, - deyə təşkilatçıların bəyanatda bildirilib.
“Stand Up Alaska” təşkilatının “Facebook” səhifəsində yerli əhalini küçələrə çıxmağa və aksiyaya qoşulmağa çağırış yer alıb: “Beynəlxalq hərbi cinayətkarın (Vladimir Putin – red) iştirakına etiraz etmək üçün Alyaskanın Ankoric şəhərində bizə qoşulun”.
Qeyd edək ki, Putinlə şəxsi görüşünün avqustun 15-də Alyaskada baş tutacağını ABŞ prezidenti Donald Tramp elan edib. Ağ Evin məlumatına görə, Vladimir Putin amerikalı prezidentin xüsusi elçisi Stiv Uitkoffla danışıqlar zamanı Trampla görüşmək istəyini bildirib.
Bu arada dünya mediası mənbələrə istinadən Alyaska görüşündə müzakirə olunacaq Ukraynada atəşkəs üçün mümkün şərtlərin müxtəlif versiyalarını dərc edir. Həmin versiyalara görə, Putin yalnız işğal olunmuş ərazilərin Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınması müqabilində atəşkəsə razı ola bilər. Üstəlik, ABŞ prezidenti də ərazilərin mübadiləsi kimi fikirdən bəhs edib.
Kiyev istənilən ərazi güzəştlərini qəti şəkildə rədd edib. Prezident Volodimir Zelenski öz Teleqram kanalında bildirib ki, “ərazi məsələsi”nə cavab Ukrayna Konstitusiyasında təsbit olunub: “Heç kim bundan geri çəkilməyəcək və geri çəkilə bilməyəcək. Ukraynalılar öz torpaqlarını işğalçıya verməyəcəklər”, - deyə Zelenski qətiyyətlə bəyan edib.
Bundan başqa, Zelenski kəşfiyyat məlumatlarına istinadən nəzərə çatdırıb ki, Putin atəşi və ya bütövlükdə müharibəni dayandırmaq niyyətində deyil: “Rusiya qoşunları və texnikası yeni hücum əməliyyatları üçün yenidən yerləşdirilir. Putin Amerika ilə görüşü yalnız şəxsi qələbəsi kimi təqdim etmək və əvvəlki kimi Ukraynaya təzyiq göstərməyə davam etmək istəyir”.
Xatırladaq ki, iyulun 14-də Donald Tramp 50 gün ərzində Ukraynada atəşkəs əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına 100 faiz ikinci dərəcəli rüsumlar tətbiq edəcəyini bəyan etmişdi. Sonradan bu müddət avqustun 8-də başa çatan 10 günə endirildi. Lakin Putinin şəxsi görüş təklifi səbəbindən yeni sanksiyalar tətbiq olunmadı.
Xatirə SADİQ