Amerika qoşunları Suriyadan getməyəcək – Ağ Ev nümayəndəsi
Amerika qoşunları prezident Bəşər Əsədin devrilməsindən sonra antiterror missiyası çərçivəsində Suriyada qalacaq.
SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Fayner deyib.
Onun sözlərinə görə, antiterror missiya “İslam Dövləti” yaraqlılarını məhv etmək məqsədi daşıyır. “Bu qoşunlar hansısa sövdələşmə vasitəsi kimi deyil, çox konkret və mühüm səbəbə görə oradadır”, - deyə Fayner vurğulayıb.
Onun sözlərinə görə, Amerika qoşunları “İŞİD”lə vuruşmaq üçün demək olar ki, on il və ya daha çox orada olub: “Biz əvvəlkitək bu missiyaya sadiq qalırıq”.
Vaşinqton indi hərbi mövcudluğunu sabitliyin təminatı kimi qiymətləndirsə də, Suriyanın yeni hakimiyyətinin ABŞ-nin ölkədəki varlığını necə qəbul edəcəyi bəlli deyil. Çünki Vaşinqton hələ də Əsəd rejimini devirmiş üsyançı qüvvələrə rəhbərlik edən “Heyət Təhrir əl-Şam”ı terror təşkilatı hesab edir.
“Bu qruplarla bağlı siyasətdə formal dəyişiklik olmayıb. Bu qərarlar qrupların dediklərinə və ya niyyətlərini ifadə etmələrinə deyil, onların hərəkətlərinə əsaslanır, ona görə də biz izləyəcəyik”, - deyə Fayner əlavə edib.
O, son həftələrdə qruplaşmaların nümayəndələrinin verdikləri bəzi bəyanatları “kifayət qədər konstruktiv” adlandırıb. Lakin qeyd edib ki, Vaşinqton Suriyanın etibarlı, inklüziv idarəçiliyinin təmin olunması naminə onların niyyətlərini təsdiqləyəcək əməllərini gözləyəcək.
Fayner əlavə edib ki, Bayden administrasiyası yeni seçilmiş prezident Donald Trampın komandası ilə əlaqə saxlayır və onu Suriyadakı vəziyyətlə bağlı məlumatlandırır.
Xatirə SADİQ