Amerikalı senatorlardan Ukraynaya xəbərdarlıq - “Ehtiyatlanırıq…”
Amerikalı senatorlar Cinn Şahin (demokrat) və Lindsi Qrem (respublikaçı) Ukraynanın antikorrupsiya institutlarını baş prokurordan asılı edən qanunun qəbulundan narahat olduqlarını bildiriblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə senatorların X sosial şəbəkəsində paylaşdıqları birgə bəyanatda deyilir.
Bəyanatda qeyd edilib ki, Ləyaqət İnqilabından sonra Ukrayna korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli irəliləyiş əldə edib: “Biz ehtiyatlanırıq ki, bu yaxınlarda Ali Radanın qəbul etdiyi və prezident Zelenskinin imzaladığı qanun bu irəliləyişin əhəmiyyətli hissəsini sarsıdır və Ukraynanın fövqəladə döyüş ruhuna, Ukrayna vətəndaşlarının və beynəlxalq ictimaiyyətin gözləntilərinə ziddir”.
Senatorlar bildiriblər ki, Ukraynaya dəstəyi dayandırmaq üçün ən yayılmış arqumentlərdən biri onun guya korrupsiya ilə əhatə olunmasıdır.
“Biz Ukraynanın bu cəbhədə irəliləyiş əldə etməkdə davam etdiyini etiraf edirik və hakimiyyəti bu tərəqqiyə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməyə çağırırıq”, - Şahin və Qrem vurğulayıblar.
Onlar cəmiyyətin gözləntilərinə cavab verməyin Ukraynanın olduğu kimi, həm də ABŞ-nin maraqları daxilində olduğunu nəzərə çatdırıblar.
Qeyd edək ki, Avropa Komissiyası dünən antikorrupsiya institutlarını Baş Prokurordan asılı edən qanunun qəbulundan çox narahat olduğunu bəyan edib və ən yüksək səviyyədə Kiyevdən izahat istəyib.
Avropa Parlamenti hesab edir ki, Kiyev Ukraynaya gələcək yardımı və ölkənin Avropa İttifaqına daxil olmasını təhlükə altında qoyub.
Dünən axşam Ukrayna prezidenti Volodimir Zelenski bu qanuna görə ictimaiyyətin və beynəlxalq tərəfdaşların hiddətini münasibət bildirib. O, həmin qurumların müstəqilliyini təmin etmək üçün öz qanun layihəsini təqdim edəcəyinə söz verib.
Xatirə SADİQ