Anar Ələkbərov onları ayaq üstə alqışladı – “İblis”in fərqli təqdimatından düşüncələr

“Xalqımız o qədər istedadlıdır ki, adamı bədbinliyə qapılmağa qoymur. Bir də görürsən meydana elə istedadlı şəxs çıxır ki, heyrətə gəlirsən”.

Sep 26, 2025 - 12:37
Anar Ələkbərov onları ayaq üstə alqışladı – “İblis”in fərqli təqdimatından düşüncələr

Bu fikri vaxtilə medianın “teleməkanımızın patriarxı” adlandırdığı, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri olmuş, əməkdar incəsənət xadimi Elşad Quliyev söyləmişdi. 

23 sentyabr tarixində Heydər Əliyev Mərkəzində dahi yazıçı Hüseyn Cavidin “İblis” ölməz əsərinin motivləri əsasında “Plastik düşüncələr” tamaşasının təqdimatını seyr edəndə məhz unudulmaz şəxsiyyət, əsl teatr sevdalısı Elşad Quliyevi xatırladım.

Çünki səhnədə böyük istedadla, zəhmətlə, yazıçıya, seyrçiyə dərin hörmətlə hazırlanmış mükəmməl tamaşa nümayiş etdirilirdi. 

Gecənin qəhrəmanları isə xalq artisti Bəxtiyar Xanızadə, onun qurucusu və baş rejissoru olduğu Azərbaycan Dövlət Pantomim Teatrının artistləri, dövrümüzün tanınmış dirijoru maestro Mustafa Mehmandarov və simfonik orkestrin musiqiçiləri idi. 

Azərbaycanın şeir, mənəviyyat rəmzlərindən biri olan qüdrətli söz ustadı İmadəddin Nəsiminin şərəfinə keçirilən festival çərçivəsində hazırlanmış bu tamaşa ilk dəqiqələrindən tamaşaçını heyrətə gətirdi və dərin düşüncələrə qərq etdi.
  
Əminliklə demək olar ki, Bəxtiyar Xanızadənin quruluş verdiyi tamaşa boyu ağlından Hüseyn Cavidin “İblis nədir? – Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? – İblis!” misrası keçən şəxslər vardı.

Beynəlxalq hüququn tapdaqlar altında qaldığı mürəkkəb dövrümüzdə pantomimçilər “İblis”in aktuallığını elə böyük istedadla nümayiş etdirirdilər ki, “səhnədəkilər bizim artistlərimizdirmi” sualını özünə verməyə bilmirdin. Onların coşqun, emosional, dinamik, qüsursuz, mükəmməl ifaları adama xarici teatrların artistlərini xatırladırdı. Bəxtiyar Xanızadə elə məktəb yaradıb ki, pantomimçilərimiz dünya səhnəsində çıxış etmək səviyyəsinə qalxıblar.  

Tamaşada rus bolşeviklərinin, faşist Almaniyasının, erməni faşistlərinin cimayətlərindən tutmuş dövrümüzün mənəviyyatsız rənglərini əks etdirən bütün nüanslar əhatə olunmuşdu. İblisə uymağın, işğalın, kütlə psixologiyasının, hərisliyin, acgözlüyün, mənəviyyatsızlığın qorxunc fəsadları pantomim dilində böyük ustalıqla izləyicilərə çatdırılırdı. 
  
Tamaşanın maraqlı cəhətlərindən biri də dirijor Mustafa Mehmandarovun təkcə simfonik orkestri deyil, həm də artistləri idarə etməsi idi. Bu məqsədlə dirijora İblis, musiqiçilərə isə İblisin əyanları rolları həvalə edilmişdi. Onu da qeyd edək ki, simfonik orkestrin dirijorunun və musiqiçilərinin rollara cəlb olunması ideyası ölkə teatrının səhnəsinə xüsusi hərəkətlilik gətirən və rəng qatan Bəxtiyar Xanızadəyə məxsusdur.

Simfonik orkestrin canlı, misilsiz və möhtəşəm ifasının pantomimçilərin hərəkətləri ilə həmahəngliyi tamaşanın effektini daha da artırırdı. Onların misilsiz perfomansı Heydər Əliyev Mərkəzinin zalında əyləşmiş izləyiciləri elə ovsunlamışdı ki, lap “milçək uçsaydı, səsi eşidilərdi”.      

Prezident İlham Əliyevin köməkçisi Anar Ələkbərovun tamaşa başa çatan kimi hamıdan öncə ayağa qalxaraq sənətçiləri alqışlaması iki istedadlı şəxsiyyət və əsl sənət fədailəri Bəxtiyar Xanızadənin və maestro Mustafa Mehmandarovun çox gözəl ideyanı gerçəkləşdirdiyindən xəbər verirdi. 

Anar Ələkbərovun tamaşadan dərhal sonra öz “İnstagram” səhifəsində “Nəsimi festivalının ilk günündə Hüseyn Cavidin “İblis” tamaşasını fərqli baxış bucağından izlədik. Dərin təəssürat yaradan maraqlı təqdimat oldu. “İblis”in yeni quruluşu üzərində çalışan yaradıcı heyətə və təşkilatçı komandaya təşəkkürümüzü bildiririk” paylaşımı buna sübutdur. 

Sözsüz ki, bu ilin qızmar yay günlərində hər kəs istidən özünə sərin yer axtarakən Bəxtiyar Xanızadə, onun yetirmələri, Mustafa Mehmandarov və orkestri fədakarlıqla bu tamaşanın üzərində çalışıblar. Onların zəhməti hədər getməyib, meydana əsl incə sənət çıxıb.

Odur ki, “İblis”in motivləri əsasında səhnələşdirilmiş “Plastik düşüncələr” tamaşasını Bakının mədəni həyatında tarixi hadisə adlandırmaq olar. 

Bunu tamaşadan sonra dağılmaq istəməyən tamaşaçıların rəyləri də göstərirdi. Heydər Əliyev Mərkəzinin foyesində toplaşan ictimaiyyət nümayəndələri bir-birləri ilə tamaşanın uğuru, artistlərin, musiqiçilərin peşəkarlığı barədə fikir mübadiləsi aparırdılar. Kimi “hələ dirijoru demirəm, necə gözəl dirijordur” sözü ilə Mustafa Mehmandarovdan danışırdı, kimi pantomimçilərin ifalarına valeh olduğunu söyləyirdi, kimi isə tamaşa boyu səslənən musiqini züm-zümə edərək binanı tərk edirdi.


  
Bu isə o deməkdir ki, sənətə, musiqiyə, bütövlükdə Azərbaycan mədəniyyətinə təmənnasız şəkildə, cani-könüldən xidmət edən Bəxtiyar Xanızadə, Mustafa Mehmandarov kimi istedadlı şəxsiyyətlərin qədrini bilmək lazımdır. Onlar hər gün yetişmir.

Yeri gəlmişkən, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn “Plastik düşüncələr” kimi müasir tamaşanın xarici ölkələrdə nümayiş etdirilməsi Azərbaycana yalnız və yalnız başucalığı gətirə bilər.   

SAVASHMEDİA.az saytı isə Bəxtiyar Xanızadəni, Mustafa Mehmandarovu,  Pantomim teatrının yaradıcı heyətini və orkestrin musiqiçilərini bu yaradıcılıq uğuruna görə ürəkdən təbrik edir. Əhsən!

Xatirə SADİQ