AQTA Azərbaycandakı "McDonald’s” şəbəkəsini yoxlaya bilir? - Qurum rəsmisi ilə yazışmanın fotoları

Xəbər verdiyimiz kimi, ötən həftələrdə ABŞ-də “McDonald’s” şəbəkəsinin spesifik burger tərkibinə görə kütləvi zəhərlənmələr qeydə alınıb. Zəhərlənmənin soğan halqaları səbəbilə olduğu bildirilib.

Nov 1, 2024 - 19:19
AQTA Azərbaycandakı "McDonald’s” şəbəkəsini yoxlaya bilir? - Qurum rəsmisi ilə yazışmanın fotoları

İnsanlarda narahatlıq doğuran nüans isə o olub ki, sözügedən “fast food” şəbəkəsinin menyuları bütün ölkələrdə eynidir. 

Yəni Azərbaycanda da bu cür zəhərlənmələr baş verə bilər? “McDonald’s” şəbəkələrində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparılır? Ümumiyyətlə, şəbəkələşdirilmiş “fast food” restoranlarında qida keyfiyyəti yoxlanılır?

Məsələ ilə bağlı Ajans.az xəbər portalı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimova sorğu ünvanlayıb. İlkin Kərimov isə sorğunun hazırlandığını bildirib. 

Bir həftədən çox vaxt keçsə də, sorğu hələ də cavablandırılmayıb. Hətta əməkdaşımız da dəfələrlə İ. Kərimova yazıb və sorğunun cavabını tələb edir. O isə hər dəfə cavabın hazırlanma mərhələsində olduğunu qeyd edib. Lakin son dəfə soruşduqda isə cavabın göndərilməyəcəyini bəyan edib. Amma bunun səbəbini soruşsaq belə, bildirməyib. 

Belə bir halın yaşanması təəssüf doğurur.

Qeyd edək ki, 17.3. İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.