Arvadı Bəşər Əsəddən boşanır? - Peskovdan AÇIQLAMA
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmlakının dondurulması və Moskvadan çıxışın məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Bəşər Əsədin xanımı Əsma Əsədin Rusiyadakı həyat şəraitindən narazı olduğu və Londona köçmək üçün ərindən boşanma tələb etməsi xəbəri də doğru deyil.
Dmitri Peskov
“Xeyr, həqiqətə uyğun deyil”, - deyə Kremlin sözçüsü təkrarlayıb.
Qeyd edək ki, Türkiyənin “Habertürk” nəşri Rusiya hakimiyyətinin Əsədin Moskvadan çıxmasını və ya siyasi fəaliyyətlə məşğul olmasını qadağan etdiyini, aktiv və mülklərinə girişi dondurduğunu, həyat yoldaşı Əsma Əsədin isə Rusiyadakı həyat şəraitindən narazı olduğunu və Londona köçmək üçün boşanma tələb etdiyini yazıb. Nəşrin məlumatına görə, Əsma Əsədin ərizəsinə baxılmaq prosesindədir.
Əsma Əsədin 49 yaşı var. O, Böyük Britaniyada anadan olub və ikili vətəndaşlığa malikdir. London Kral Kollecini bitirən Əsma Əsəd 2000-ci ildə Suriyaya gedib və gələcək həyat yoldaşı ilə tanış olub.
Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalif qüvvələr Dəməşqə daxil olaraq Əsəd rejiminin devrilməsini elan ediblər. Bəşər Əsəd istefa verməyə məcbur olub və Rusiyadan siyasi sığınacaq alıb.
Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da mətbuat konfransı zamanı Suriyanın eks-lideri ilə hələ görüşmədiyini etiraf edib.
Xatirə SADİQ