“Slovakiyaya qaz tədarükü mürəkkəb məsələdir” – Kremlin sözçüsü
“Ukrayna ərazisindən tranzit başa çatdıqdan sonra Slovakiyaya qaz tədarükü məsələsi müzakirə olunur və vəziyyət çox mürəkkəbdir”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Siz axı Ukrayna tərəfinin bəyanatlarını eşitmisiniz və Rusiya qazını almağa davam edən və bunu öz iqtisadiyyatlarının normal fəaliyyəti üçün zəruri hesab edən Avropa ölkələrinin mövqeyini bilirsiniz. Ona görə də indi burada diqqətin artırılmasını tələb edən çox çətin vəziyyət yaranıb”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Slovakiyanın baş naziri Robert Fitso dekabrın 22-də Moskvaya səfər edərək bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.
Xatırladaq ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti üzrə müqavilə dekabrın 31-də başa çatır. “Şimal axını”nın partlamasından və Yamal-Avropa qaz kəməri ilə nəqlin dayandırılmasından sonra Ukrayna ərazisindən keçən tranzit xətti Rusiya qazının Mərkəzi Avropaya nəqli üçün yeganə marşrut olaraq qalır.
Xatirə SADİQ