Astana Putini Ukrayna bayrağı ilə qarşıladı - Cinayət işi açıldı
Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı Astanada reklam bilbordunda qəfildən Rusiya bayrağının əvəzinə Ukrayna bayrağının göstərilməsi ilə bağlı cinayət işi açılıb.
SAVASHMEDİA.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ukrayna bayrağının rənglərində videoçarx bilbordda sosial şəbəkə istifadəçiləri tərəfindən yayılıb. Ekran tez söndürülüb. Noyabrın 28-də səhər monitor işləmirdi.
Polis bildirib ki, baş verənlərin bütün versiyalarını – texniki problemlərdən tutmuş ekranın işinə qəsdən müdaxiləyə qədər hər nüansı yoxlayır.
Qazaxıstanın Dövlət Texniki Xidmətindən deyilib ki, Astanadakı bilbord haker hücumu nəticəsində sındırılıb: “İlkin məlumatlara görə, hücum proksi serverlərdən istifadə etməklə xarici IP ünvanlarından həyata keçirilib”.
Xatırladaq ki, Vladimir Putin noyabrın 27-də Astanaya gəlib. Həmin gün onun Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqları olub. Noyabrın 28-də isə Putin KTMT-nin Astanada keçirilən sammitində iştirak edib və Ukraynanın ünvanına təhdidləri yağdırıb.
Xatirə SADİQ