“Avropa bu federal hökumətə arxalana bilər” – Almaniya DİN başçısı
“Sərhədlərin xarici mühafizəsi həqiqətən işləyənədək sərhəd nəzarətini davam etdirəcəyik”.
SAVASHMEDİA.az “dpa”ya istinadən xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Nensi Fezer yanvarın 30-da Avropa İttifaqı (Aİ) daxili işlər nazirlərinin Varşavadakı görüşündə deyib.
Miqrasiya siyasətinin müzakirəsi zamanı alman naziri təkid edib ki, Şengen zonası hansısa anda yenidən açıq sərhədlərə malik olacaq.
Nazir həmkarlarına söz verib ki, Almaniya öz konstitusiyasına və Aİ-nin qanunvericiliyinə uyğun fəaliyyət göstərməyə davam edəcək: “Avropa bu federal hökumətə arxalana bilər”.
Polşa, Çexiya və İsveçrə ilə daxili quru sərhədlərində Almaniyanın cari yoxlamaları martın 15-dək davam edəcək.
Xatırladaq ki, yanvarın 29-da Bundestaq mühafizəkar XDİ-nin hüquqi qüvvəyə malik olmayan təşəbbüsünü 348 səslə qəbul edib. Bu qərarın əleyhinə 345 deputat səs verib. Təşəbbüs “daimi sərhəd nəzarəti”nin mövcudluğunu və “bütün qeyri-qanuni giriş cəhdlərinin”, xüsusən də sığınacaq axtaran şəxslərin tamamilə rədd edilməsini nəzərdə tutur.
Bu təşəbbüsü şərh edən Lüksemburqun daxili işlər naziri Leon Qloden Aİ-nin daxili sərhədlərində sərhəd nəzarətinə qarşı çıxış edib.
Xatirə SADİQ