Avropa liderləri Maya Sandunu təbrik etdilər

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa ölkələrinin liderləri yenidən Moldova prezidenti seçilməsi münasibətilə Maya Sandunu təbrik ediblər.

Nov 4, 2024 - 11:40
Avropa liderləri Maya Sandunu təbrik etdilər

“Bugecəki qələbəniz münasibətilə təbrik edirəm əziz @sandumaiamd. Bu seçkidə qarşılaşdığınız çətinlikləri dəf etmək nadir güc tələb edir. Moldovanın və onun xalqının Avropa gələcəyi ilə bağlı sizinlə işləməyə davam etməkdən şadam”, - deyə Ursula fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.

Avropa Parlamentinin sədri Roberta Metsola prezident Sandunun böyük cəsarət nümayiş etdirdiyinə diqqəti cəlb edib. “O, öz xalqının maraqlarını müdafiə etməkdə qeyri-adi cəsarət və liderlik nümayiş etdirdi. Avropa Moldovanı bu yolda dəstəkləməyə davam edəcək”, - deyə parlament sədri social şəbəkə səhifəsində yazıb.

Rumıniyanın baş naziri Marsel Colaku deyib ki, Sandunun prezident seçkilərinin ikinci turunda qələbəsi Moldova xalqının demokratiyanı müdafiə etmək və Aİ-yə üzvlük yolunu təmin etmək iradəsinin bariz sübutudur. 

Polşa hökumətinin başçısı Donald Tusk nəzərə çatdırıb ki, hazırkı prezident Rusiyanın prezident seçkilərinə aqressiv və genişmiqyaslı müdaxiləsinə baxmayaraq, “Moskvanın favoriti” üzərində qələbə çala bilib. 

Polşanın baş naziri bu tendensiyanın yaxın günlərdə və aylarda digər ölkələrdə də davam edəcəyinə ümid etdiyini bildirib.

Fransa prezidenti Emmanuel Makron Moldovada seçkilərin ilkin nəticələrini şərh edərkən deyib ki, demokratiya bütün müdaxilə və manevrlərə qalib gəldi.

Xatırladaq ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. 
Mərkəzi Seçki Komissiyasının emal etdiyi bülletenlərin 99,77 faizinə görə Fəaliyyət və Həmrəylik Partiyasından (PAS) namizəd olmuş hazırkı prezident Maia Sandu qalib gəlib. Seçicilərin 55,37 faizi ona səs verib. Onun rəqibi, Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoqlo 44,63 faiz səs toplayıb.

Xatirə SADİQ