“Avropa üçün dönüş nöqtəsidir” – Donald Tusk
“Avropa qətiyyətli əhval-ruhiyyədədir və öz təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Brüsseldəki sammitinə varid olan Polşanın baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında deyib.
“Amma bu gün hər şey dəyişib. Mən həm Avropa Komissiyasının təkliflərini, həm də Parisdə, Londonda olan bütün həmsöhbətlərimin qətiyyətini nəzərdə tuturam. Hamı bu çağırışı (müdafiəni gücləndirmək üçün – red.) qəbul etmək üçün qətiyyətli əhval-ruhiyyədədir”, - deyə Tusk vurğulayıb.
Tusk qeyd edib ki, hazırkı dövr Avropa üçün müdafiəni gücləndirmək, silah sənayesini inkişaf etdirmək və Rusiyanın sırıdığı çağırışlara cavab verməkdə dönüş nöqtəsi ola bilər. O xatırladıb ki, Avropa müdafiəsinin gücləndirilməsi barədə çoxdan danışılırdı.
Tusk hesab edir ki, Ukraynadakı müharibə, ABŞ administrasiyasının Avropaya yanaşmasının dəyişməsi və hər şeydən əvvəl Rusiyanın başlatdığı silahlanma yarışı Avropa üçün yeni çağırışlar yaradır.
“Avropa bu çağırışa cavab verməli və qalib gəlməlidir. Mən əminəm ki, Rusiya silahlanma yarışında uduzacaq. Necə ki, Sovet İttifaqı otuz il əvvəl oxşar yarışı uduzdu”, - depə Polşanın baş naziri əlavə edib.
Onun sözlərinə görə, bu, daha genişmiqyaslı münaqişədən yayınmağa imkan verəcək.
“Avropa bu gün təhlükəsizlik üzrə starta, Rusiyadan daha sürətli, daha müdrik və effektiv silahlanmağa hazırdır. Bu gün həddindən artıq nikbin olmaq üçün səbəb yoxdur. Amma mən əminəm ki, bu, Avropanın onun üzərinə hansı məsuliyyətin düşdüyünü dərk etdiyi dönüş nöqtəsidir”, - deyə Tusk bildirib.
Xatirə SADİQ