Avropalı deputat Trampın sülh planını açıqladı
“ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin sülh yolu ilə həlli təklifi üç mərhələdən ibarətdir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Parlamentinin Almaniyadan olan deputatı Sergey Laqodinski “X”də yazıb.
Onun sözlərinə görə, 3 mərhələyə bunlar daxildir: 1) atəşkəs, 2) Ukraynada seçkilər, 3) yekun sazişin imzalanması.
“Bu, Putinin bütün istəklərinin tam yerinə yetirilməsidir. Xüsusilə də seçkilərlə bağlı hissə Trampın Putinə hədiyyəsidir. Putin Zelenskiyə nifrət edir, çünki onun Ukraynanı tabe etmək planlarını darmadağın edir. O, üzücü müharibədən sonra rusiyapərəst namizəd əldə etməyi arzulayır”, - deyə avrodeputat hesab edir.
Onun fikrincə, Trampa da Ukraynanın bütün resurslarını təslim etməyə razılaşacaq qədər zəif bir prezidentin olması əlverişli olardı.
“Bizə, avropalılara tam aydın olmalıdır ki, seçkilər yekun mərhələdən sonra keçirilməlidir. Ondan əvvəl yox. Həm də ona görə ki, yekun razılaşma ehtimal ki, 2-ci mərhələdə seçiləcək rusiyayönlü namizədin nəticəsi ola bilməz”, - deyə Laqodinski vurğulayıb.
Xatirə SADİQ