Avropalı deputatlar Belçika kralını qətiyyətli olmağa çağırdılar
Avropa Parlamentinin onlarla deputatı Belçika kralına müraciət ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Latviyadan olan deputatı Rixards Kols “X” platformasında yazıb.
Onun sözlərinə görə, avropalı deputatlar kraldan Rusiyanın dondurulmuş 250 milyard avrodan çox aktivinin müsadirə olunaraq Ukraynaya ötürülməsinə yardım göstərməsini xahiş ediblər.
“Biz, bütün Avropanın parlamentariləri, Belçika kralı əlahəzrət Filipə açıq məktub ünvanladıq və bu məktubda biz Belçikanı 250 milyard avrodan çox dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə və onları birbaşa Ukraynaya köçürməyə çağırırıq. Bu, Avropa qətiyyətinin sınağıdır. Belçika lider olmalıdır”, - deyə Kols müvafiq sənədi dərc edib.
Rusiya Federasiyasının dondurulmuş aktivlərinin əksəriyyəti Belçikanın “Euroclear” depozitarisində yerləşir.
Ukrayna KİV-i xəbər verib ki, bu gün prezident Volodimir Zelenski Brüsseldə Belçika kralı ilə də görüşəcək.
Xatirə SADİQ