Zelenski sanksiyalar haqqında qərarı imzaladı
Ukrayna prezident Volodimir Zelenski bir qrup şəxsə qarşı sanksiyaların tətbiq olunmasına dair Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib.
SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
“Qərara alıram: Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” 12 fevral 2025-ci il tarixli qərarı qüvvəyə minsin”, - deyə Zelenskinin 81/2025 nömrəli fərmanında bildirilir.
Qərarın icrasına nəzarət Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə həvalə edilib.
Fərmana əlavədə iş adamı İqor Kolomoyskiyə, milyarder Kostiantın Jevaqoya, Ukraynanın 5-ci prezidenti, Avropa Həmrəyliyi Partiyasının deputatı Pyotr Poroşşenkoya və keçmiş deputat Viktor Medvedçuka müddətsiz sanksiyaların tətbiq olunduğu göstərilib.
Sanksiyalarda 17 məhdudiyyət nəzərdə tutulub. Bunlara Ukraynanın dövlət mükafatlarından və digər təltiflərdən məhrum edilməsi, aktivlərdən istifadə və sərəncam hüququndan müvəqqəti məhrum etmə, ticarət əməliyyatlarının tamamilə dayandırılması, Ukrayna ərazisindən resursların tranzitinin, uçuşların və daşımaların tamamilə dayandırılması; kapitalın Ukraynadan kənara çıxmasının qarşısını almaq, iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılması, dövlət əmlakının özəlləşdirilməsində, icarəyə verilməsində iştirakın qadağan edilməsi və sair daxildir.
Xatirə SADİQ