“Avropaya tam etibarlı qalxan yaratmağı təklif edirik” - Zelenski 

Rusiyanın təhdidlərindən müdafiə üçün Ukrayna Avropa müttəfiqləri ilə birgə hava hücumundan müdafiə sistemi yaratmaq istəyir. 

Sep 29, 2025 - 17:15
“Avropaya tam etibarlı qalxan yaratmağı təklif edirik” - Zelenski 

SAVASHMEDİA.az “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bu barədə Varşava Təhlükəsizlik Forumuna videokonfransla qatılan prezident Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiyanın Polşa və Baltikyanı ölkələrin hava məkanına müdaxiləsi kollektiv hərəkətə zəruriyyət olduğunu göstərir. “Ukrayna Polşaya və bütün tərəfdaşlarımıza Rusiyanın hava təhdidlərinə qarşı birgə tam etibarlı qalxan yaratmağı təklif edir”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Zelenskinin sözlərinə görə, Ukraynanın pilotsuz təyyarələrə və raketlərə qarşı mübarizə təcrübəsi onun müttəfiqləri üçün faydalı ola və region ölkələrinin birgə səyləri kifayət qədər silah və istehsal potensialını təmin edə bilər.

Zelenski suallara cavab verərkən onu da qeyd edib ki, ABŞ prezidenti Donald Trampın hazırkı siyasəti “balanslıdır və Ukraynanı dəstəkləyir”. Bununla belə, Amerika lideri Rusiya ilə danışıqlarda vasitəçi rolunu saxlamağa çalışır.

Zelenski həmçinin Aleksandr Lukaşenkonun Rusiyanın Ukrayna ilə bağlı ABŞ tərəfindən bəyənilən “çox yaxşı təklifi” olduğu haqda açıqlamasına da münasibət bildirib: “O, öz aləmində yaşayır, lakin bəzən [Rusiya prezidenti Vladimir] Putin bu dünyaya qonaq gəlir. Və onlar orada, iki kifayət qədər yaşlı adam, nə barədəsə danışırlar. Ona görə də onların nə danışdıqlarını şərh etmək mənim üçün çətindir”, - deyə Zelenski bildirib.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə bildirib ki, NATO-ya üzv heç bir dövlət Rusiyanın hibrid hücumları dalğası ilə üzləşdikdə özbaşına buraxılmayacaq.

“Rusiya bizim qətiyyətimizi sınamaq və iğtişaşlar törətmək istəyir. Bu təhlükəlidir və buna aydın və vahid cavab zəruridir”, - deyə Vadeful Varşavadakı mətbuat konfransında deyib.

Xatirə SADİQ