Buça qətliamında əli olan daha 5 rusiyalı hərbçinin adı bilindi
Ukraynanın Buça şəhər sakinlərinin qətlində əli olan daha beş rus zabitinin şəxsiyyəti müəyyənləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sunday Times” nəşri yazıb.
Nəşr bildirir ki, müstəqil hüquqşünaslar və müstəntiqlər ümumiyyətlə Rusiya hərbçilərinin hərəkətlərinin araşdırılması zamanı Rusiya ordusunun cinayətlərə görə məsuliyyət daşıyan 13 komandirin adını müəyyənləşdirə biliblər.
Səkkiz hərbçinin adı daha əvvəl mətbuatda açıqlanıb, digər beş nəfərin adı isə ilk dəfə təqdim olunub. Onların arasında 45-ci Hava Desant Briqadasının komandiri general-mayor Vadim Pankov, general-polkovnik Valeri Solodçuk, polkovnik Yuri Medvedev, 5-ci tank briqadasının komandiri polkovnik Andrey Kondrov, polkovnik Sergey Karasev sadalanıb.
Vadim Pankovun 30 Buça sakininin öldürülməsinə göstəriş verdiyi və digər şəhər sakinlərini həlak olmuş rus əsgərlərinin cəsədlərini çıxarmağa məcbur etdiyi iddia edilir.
Valeri Solodçukun bölməsinin əsgərləri Buçadakı cinayətlərdə iştirak ediblər.
Yuri Medvedevin tabeliyində olanların 40-dan çox zorlama hadisəsi törətdiyi iddia edilir. Jurnalistlərin fikrincə, Medvedyev 2022-ci ildə üsyançı rus əsgərləri tərəfindən öldürülüb.
Andrey Kondrov Buçada mülki əhalinin qarət və qətlində iştirak edən qoşunlara komandanlıq edib.
Sergey Karasev mülki vətəndaşı güllələyərək öldürüb.
Buça şəhəri Kiyevdən təxminən 30 kilometr aralıda yerləşir. 2022-ci ildə rus qoşunları geri çəkildikdən sonra qəsəbədə çoxsaylı mülki cəsədlər aşkar edilib. Sağ qalanlar rus qoşunları tərəfindən kütləvi edamlar, eləcə də işgəncələr və geniş miqyaslı talan halları barədə məlumat veriblər.
Rusiya tərəfi öz ordusunun mülki əhaliyə qarşı cinayətlərdə iştirakını inkar edib və Kiyevi insidenti təşkil etməkdə ittiham edib.
Xatirə SADİQ