AZAL təyyarəsi ilə bağlı yekun hesabat dekabrda dərc olunacaq – Qazaxıstan hökuməti

AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat üzrə yekun hesabat 2025-ci ilin dekabrına qədər dərc oluna bilər.

Feb 19, 2025 - 16:31
AZAL təyyarəsi ilə bağlı yekun hesabat dekabrda dərc olunacaq – Qazaxıstan hökuməti

SAVASHMEDİA.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

“ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələblərinə, standartlarına və tövsiyə olunan təcrübələrinə əsasən, araşdırmaya bir il vaxt ayrılır. Müvafiq olaraq, araşdırmanın yekun hesabatı bu ilin dekabr ayına qədər hazır olmalıdır", - deyə Lastayev hökumətin brifinqində söyləyib. 

O qeyd edib ki, bir gün əvvəl Əbu-Dabidə ICAO-nun baş katibi və prezidenti ilə görüşlər zamanı ilkin araşdırma hesabatına müsbət qiymət verilib.

“Onlar Qazaxıstanın yaydığı ilkin hesabatın səviyyəsini və keyfiyyətini yüksək qiymətləndirərək, faktların aydın şəkildə təqdim edilməsini, məlumatların təfərrüatlılığını və dolğunluğunu qeyd ediblər”, - deyə Lastayev əlavə edib.

Qazaxıstan Nəqliyyat Nazirliyi fevralın 4-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqatla bağlı ilkin hesabatı dərc edib. 

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “AZAL”a məxsus “Embraer 190” sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan təyyarə bir neçə dəfə eniş cəhdindən sonra Aktauya istiqamət almağa məcbur olub. Qazaxıstan hava limanına təxminən 3 km qalmış qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38 nəfəri həlak olub. 

Xatirə SADİQ