Azərbaycan Trampın yeni təşkilatına görə 1 milyard dollar ödəyəcək?

Xəbər verdiyimiz kimi, Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının təsisçi üzvü olmaq dəvətini qəbul edib.

Jan 21, 2026 - 13:53
Azərbaycan Trampın yeni təşkilatına görə 1 milyard dollar ödəyəcək?

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan Xarici işlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Ölkəmizin Sülh Şurasına üzvlüyünü təsdiqləyən rəsmi məktub Amerika tərəfinə göndəriləcək və müəyyən edilmiş prosedurlar çərçivəsində müvafiq addımlar atılacaq. Azərbaycan, həmişə olduğu kimi, beynəlxalq əməkdaşlığa, eləcə də sülhün və sabitliyin möhkəmləndirilməsinə fəal töhfə verməyə hazırdır”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvarın 16-da yeni beynəlxalq qurumun - "Sülh Şurası"nın yaradıldığını elan edib. Quruma qoşulmaq üçün təxminən 60 ölkəyə rəsmi dəvətin  göndərildiyi bildirilib. Onların arasında Qazaxıstan, Özbəkistan, Belarus və Ermənistan da daxil olmaqla bir neçə keçmiş Sovet respublikası var. Bu ölkələrin liderləri Trampın şuraya qoşulmaq dəvətini qəbul ediblər. 

Şuranın nizamnaməsinə əsasən, üzv dövlətlərin liderləri ildə bir dəfə ABŞ prezidentinin sədrliyi ilə görüşəcəklər. Şuranın sədri ABŞ prezidenti olacaq və o, qurumun idarəçiliyində müstəsna səlahiyyətlərə malik olacaq. Belə ki, ABŞ prezidenti istənilən qərara veto qoya biləcək və kimin üzv olacağını və kimin qurumdan xaric ediləcəyini müəyyən edəcək. 

Bundan əlavə, Şuranın daimi üzvü olmaq istəyən ölkələr 1 milyard dollar ödəməlidirlər. ABŞ administrasiyası bu vəsaitin "son qəpiyinə qədər Qəzzanın yenidən qurulmasına sərf olunacağını" vəd edir.

Maraqlıdır, Azərbaycan sözügedən quruma qoşulmaq üçün tələb olunan 1 milyard dolları ödəyəcəkmi? 

Diplomatik mənbələrdən verilən məlumata görə, "Sülh Şurası"na qoşulan hər bir dövlət 1 milyard dollar ödəməyəcək. Belə ki, bu ödəniş daimi üzvlük haqqı kimi nəzərdə tutulub. Üç illik müddət üçün isə belə bir ödəniş tələb olunmayacaq. 

Oğuz