Baş nazir müxalifəti sərt cavabla hədələdi - Gürcüstanda
Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifəti oktyabrın 4-də keçiriləcək yerli seçkilər günü qeyri-qanuni hərəkətlərə yol verməməyə çağırıb.
SAVASHMEDİA.az bu barədə SOVA-ya istinadən xəbər verir.
Kobaxidze qeyd edib ki, vətəndaşların dinc toplaşmaq hüququ var, lakin zorakılıq və ya qanun pozuntusu baş verərsə, sərt cavab tədbirləri görüləcək.
O xatırladıb ki, keçmişdə “zorakılıqda iştirak edən” şəxslər artıq məsuliyyətə cəlb olunublar.
SOVA vurğulayıb ki, bu məqamda baş nazir xüsusi təyinatlı polis əməkdaşlarının dinc nümayişçilərə qarşı zorakılıq törətmələrindən bəhs etməyib.
“Cəza kifayət qədər ağırdır – iki ildən dörd ilədək həbs. Ona görə də hər kəsə xatırlatmaq istərdim ki, kimin əli qanunsuz əməllər törətməyə qalxarsa, çox sərt cavab alacaq. Ona görə də biz dostcasına hamıya zorakılığa əl atmamağı və qanunu pozmamağı məsləhət görməliyik”, - deyə Kobaxidze bildirib.
Gürcüstandakı müxalif qüvvələrin əksəri oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkilərində iştirakdan imtina edib. Lakin həmin gün müxalifət Tiflisdə hökuməti “dinc yolla devirmək” məqsədi ilə genişmiqyaslı nümayişlər keçirməyi planlaşdırır.
Etiraz aksiyasında on minlərlə insanın iştirak edəcəyi gözlənilir.
Xatirə SADİQ