Baş nazir Təhlükəsizlik xidmətinə müraciət edəcək – Litvada
Litva maliyyə nazirinin müavini Valentin Qavrilov “VKontakte” profilinin və orada SSRİ-ni tərənnüm edən mahnıların pleylistinin olmasının aşkarlanması bu ölkədə rezonans doğurub.
![Baş nazir Təhlükəsizlik xidmətinə müraciət edəcək – Litvada](https://savashmedia.az/uploads/images/202411/image_870x_672897253db81.webp)
SAVASHMEDİA.az “Delfi” portalına istinadən xəbər verir ki, hətta Litvanın baş naziri Gintautas Palutskas bu məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Departamentinə (DTD) müraciəti istisna etməyib.
Baş nazir bəyanatında qeyd edib ki, Qavrilovun loyallığına heç bir şübhəsi yoxdur. Bununla belə, məmurla bağlı mövcud məlumatlardan yaranan şübhələri aradan qaldırmaq üçün DTD ilə əlaqə saxlamaq mümkündür.
“Mən onun nə profilini, nə də pleylistini görmüşəm. Amma görürəm ki, bu məsələ müəyyən mülahizələrlə genişlənib. Ona görə də DTD-yə müraciət etməyi və həmin şəxsin milli təhlükəsizliyə təhlükə yaradıb-yaratmaması ilə bağlı rəy istəməyi istisna etmirəm”, - deyə baş nazir vurğulayıb.
Hökumət başçısı əmin edib ki, qərar qəbul etməkdən öncə təkcə Qavrilovla deyil, həm də maliyyə naziri Rimantas Şacyusla danışmaq niyyətindədir: “Mən artıq, demək olar ki, DTD-yə müraciət etmək qərarına gəlmişəm, lakin düşünürəm ki, bu məsələdə nazirin mövqeyi də vacibdir”.
“Delfi” xatırladıb ki, Qavrilov artıq 9 Mayda sovetlərin Qələbə Gününü qeyd etdiyinə görə tənqid olunub. İctimai qınaqdan sonra o, 9 Mayın ailəsi üçün çox önəmli olduğunu vurğulayıb. Lakin sonradan fikrini dəyişib və bildirib ki, bütün Litva vətəndaşlarının fikrinə hörmət edərək, İkinci Dünya müharibəsinin başa çatmasını mayın 8-də qeyd etmək qərarına gəlib.
Lakin bu yaxınlarda məmurun Rusiyanın “Vkontakte” sosial şəbəkəsində hesabı aşkarlanıb. Həmin hesabda Rusiya ordusunu və Sovet İttifaqını tərənnüm edən mahnılardan ibarət pleylist tapılıb.
Xatirə SADİQ