"Başdaşına bu sözlər yazılsın, qəbir bəzəksiz olsun" - Papanın vəsiyyəti açıqlandı
Vatikan Roma Papası Fransiskin mənəvi vəsiyyətini ictimaiyyətə təqdim edib. Sənəddə pontifik qeyd edir ki, o, özünü hər zaman Müqəddəs Məryəmə həvalə edib və həyatının son illərində yaşadığı əzabları “dünyada sülh naminə” Tanrıya qurban verib.
SAVASHMEDİA.az xəbər verir ki, vəsiyyət mətni "Vatican News" saytında dərc olunub.
“Yer üzündəki ömrümün sonuna yaxınlaşdığımı hiss edərək və əbədi həyata olan canlı ümidlə, yalnız dəfn olunacağım yerə dair son istəyimi bildirmək istəyirəm”, – deyə sənəddə qeyd olunur.
Papa Fransisk həyatını və pontifik fəaliyyətini hər zaman Müqəddəs Məryəmə həvalə etdiyini vurğulayıb:
“Bu səbəbdən xahiş edirəm ki, mənim qalıqlarım Qiyamət gününü gözləyərək Müqəddəs Məryəm Papalık Bazilikasında dəfn edilsin”.
Pontifik əlavə edib ki, onun “bu dünyadakı son yolçuluğu” məhz həmin qədim Məryəm ziyarətgahında başa çatsın. Çünki o, hər beynəlxalq səfərinin əvvəlində və sonunda həmin bazilikada dua etmək üçün ora baş çəkirmiş.
“Mənim üçün həmin Papalık Bazilikasında – Pavelin ibadətgahı ilə Sforza ibadətgahı arasında yerləşən yan nef hissəsində, yerin altında sadə, bəzəksiz və üzərində yalnız “Franciscus” yazılmış bir qəbir hazırlanmasını rica edirəm”, – deyə sənəddə qeyd olunur.
Bundan əlavə, Fransisk bildirib ki, dəfn hazırlıqları ilə bağlı bütün xərclər onun Santa-Maria-Madjor Bazilikasına ianə etdiyi vəsait hesabına qarşılanmalıdır.
“Qoy Rəbb mənə dua etməkdən usanmayan və məni sevən hər kəsə mükafatını versin. Həyatımın son dövründə çəkdiyim əzabları dünyada sülh və xalqlar arasında qardaşlıq naminə Tanrıya hədiyyə edirəm”, – deyə vəsiyyətdə vurğulanır.
Qeyd olunub ki, Papa Fransisk bu vəsiyyəti 29 iyun 2022-ci il tarixində yazıb.
Papa Fransisk Pasxa bazar ertəsi, səhər saat 7:35-də, 88 yaşında vəfat edib.
O, 2013-cü ildən Roma Papası idi.
Son illərdə, xüsusilə bu ilin fevral ayından etibarən tez-tez xəstələnirdi. İki tərəfli pnevmoniya keçirdiyi üçün səhhəti ciddi şəkildə pisləşmişdi.
Buna baxmayaraq, Pasxa bayramında Papa Fransisk son dəfə ictimaiyyət qarşısına çıxmış və bayram çıxışı zamanı Ukraynanı da yad etmişdi. (musavat)