Həzi Aslanovun arxiv sənədi yayıldı - Milliyyəti qrafasında "türk" yazılıb + FOTOFAKT
Azərbaycan xalqının görkəmli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş general-mayor Həzi Aslanov barədə yeni sənədlər yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, həmin materiallar sosial şəbəkədə tanınmış tarixçi, professor Zaur Əliyev tərəfindən paylaşılıb.
Paylaşımda Aslanovun döyüş yolu, sovet hərbi mətbuatındakı təqdimatı və şəxsi arxiv sənədlərinə dair müxtəlif qeydlər yer alır.
Tarixçi, həmçinin Rusiyanın hərb tarixçisi akademik Samsonovdan sitat gətirərək Həzi Aslanovun döyüş üslubu barədə belə yazıldığını qeyd edir:
“Samsonov yazırdı ki, Həzi Aslanov sovet ordusunda yeganə general idi ki, ‘İrəli’ sözünü deməzdi, ‘Ardımca’ deyərdi. Döyüşlər zamanı ilk özü öndə olurdu, ardınca da əsgərləri.”
Fotoda professor Zaur Əliyev
Mənbədə daha sonra sovet dövrünün əsas ideoloji nəşrlərindən sayılan “Pravda” qəzetində də Həzi Aslanovla bağlı müsahibənin dərc olunduğu bildirilir. Həmin müsahibədə onun hərbi-strateji baxışlarına yer verilib:
“Şah İsmayıl Xətai dahi strateq idi. Öz qoşunlarını 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malik idi. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar onu mühasirəyə alıb darmadağın edirdi.”
Paylaşılan materialda Aslanovun tank qoşunlarındakı fəaliyyəti də xüsusi vurğulanır. Qeyd edilir ki, o, mürəkkəb döyüş şəraitində belə ordunu irəli aparması ilə seçilib və döyüş zamanı bir tankdan digərinə keçərək şəxsi heyətin ruh yüksəkliyini qoruyub.
Akademik Samsonova istinadla əlavə olunur ki, Həzi Aslanovun özünəinamı və döyüş ruhu onu fərqləndirən əsas xüsusiyyətlərdən biri olub. Eyni zamanda Stalinqrad döyüşlərində onun xidmətlərinin xüsusi əhəmiyyət daşıdığı qeyd edilir.
Generalın döyüş nizam-intizamına yanaşması isə belə sitatla xatırladılır: “Geciksən, döyüşü uduzarsan.”
Onun bu prinsipə ciddi əməl etdiyi və tabeliyində olanları da bu ruhda yetişdirdiyi bildirilir.
Daha sonra paylaşılan sənədlərə istinad edilir və Həzi Aslanovun hərbi qeydiyyat vərəqəsinin detalları təqdim olunur. Sənəddə onun milliyyəti “türk”, danışdığı dil isə “türk dili” kimi göstərilib.
Doğum tarixi 22 yanvar 1910-cu il, Azərbaycan SSR, Lənkəran şəhəri olaraq qeyd olunub. Sosial mənşəyi isə fəhlə kimi göstərilib.
Sənədin təhsil qrafasında onun 1929-cu ildə Zaqafqaziya Hərbi Hazırlıq Məktəbini, 1931-ci ildə isə Borisoqlebsk–Leninqrad Süvari Məktəbini bitirdiyi bildirilir.
Rütbə ardıcıllığı da sənəddə əks olunub: baş leytenantdan başlayaraq polkovnik-leytenant, polkovnik və sonda general-mayor.
Sənədin üzərində “Sovet İttifaqı Qəhrəmanı” yazısının böyük hərflərlə qeyd edildiyi, həmçinin “Lenin ordeni” və “Qızıl Ulduz” medalı ilə təltif olunduğu göstərilir.
Paylaşımda həmçinin qeyd olunur ki, Aslanovun 1920–1930-cu illərə aid şəxsi işlərində, komsomol və partiya sənədlərində milliyyəti “türk” kimi yazılıb. Eyni qeydin onun attestasiya sənədlərində və zabit siyahılarında da yer aldığı vurğulanır.
Aytən