Baydenin son əfv fərmanları etibarsızdır – Donald Tramp

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin səlahiyyətlərinin son günündə imzaladığı əfv fərmanlarını etibarsız elan edib.

Mar 17, 2025 - 13:16
Baydenin son əfv fərmanları etibarsızdır – Donald Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə amerikalı dövlət başçısı “Truth Social” sosial şəbəkəsində yazıb. 

“Yuxulu Co Baydenin verdiyi “əfvlər” etibarsız elan edilir, heç bir hüquqi qüvvəsi və ya təsiri yoxdur. Çünki onlar avtomatik imzanı çap edən cihaz tərəfindən imzalanıb. Başqa sözlə, Co Bayden onları imzalamayıb”, - deyə Tramp vurğulayıb. 

ABŞ prezidenti əlavə edib ki, Bayden hansı əfv fərmanlarını imzaladığını belə bilməyib: “O, onlar haqqında heç nə bilmirdi və bunu edənlər cinayət törətmiş ola bilər”.

Bununla belə, Tramp sözlərini təsdiqləyən heç bir sübut təqdim etməyib.

Tramp postunda hansı əfv qərarlarını nəzərdə tutduğunu açıqlamayıb, lakin məlum olduğu kimi, vəzifəsinin son günündə Bayden ailə üzvlərini, eləcə də  varisi tərəfindən təqiblə üzləşə biləcək bir sıra vəzifəli şəxsləri qabaqcadan əfv edib. 

“Bloomberg” agentliyi qeyd edib ki, Trampın şərhi onun administrasiyasının prezidentin ən böyük siyasi düşmənlərindən bəzilərinin, o cümlədən keçmiş konqresmen Liz Çeyni, təqaüdçü general Mark Milley və yoluxucu xəstəliklər üzrə mütəxəssis Entoni Fauçini təqib etməsinə çalışa biləcəyini göstərir.

Federal Apellyasiya Məhkəməsinin 2024-cü ildəki qərarına görə, əfvlərin yazılı olması mühüm deyil.

Ədliyyə Nazirliyinin 1929-cu ildəki rəyində qeyd edilib ki, “nə Konstitusiya, nə də qanunlar əfvlərin hansı üsulla veriləcəyini, nə də onların həyata keçirildiyinə dair sübutları müəyyən edir. Bu, tamamilə Prezidentin səlahiyyətinə daxildir”.

Xatirə SADİQ