Mask yaddan çıxdı 

Yanvar da keçdi

Feb 13, 2025 - 10:58
Mask yaddan çıxdı 

Deyirdilər, Tramp prezident olsa – pisdir. Görürdük, olmamış da yaxşı deyil. Bir vaxt yeni seçilmiş prezident öz kabinetinin tərkibini andiçmə mərasimi ərəfəsində, ya da azca sonra elan edirdi. Nazir olmağa namizədlər yalnız konqresdə təsdiqləndikdən sonra nə isə deyirdilər.

Seçildiyi hələ təsdiqlənməmiş dingiltili oğlan Donald iki ay yarım qabaqcadan nazirlərini, gələcək səfirlərini teatral surətdə təqdim edir, hətta yeni nazirlik “yaradır”dı.

İcra hakimiyyəti, Nümayəndələr palatası, senat... Dəcəl uşağın əlinə birdən-birə çox oyuncaq düşəndə, mütləq hansınısa, bəzən hamısını vurub sındırır. Nadinc qoca isə onları xalqın başına qoyub, çəkiclə yoxlayır. Mütləq kiminsə kəlləsi çatlayacaq!..

*

Kim deyər, Beyrut Livanın paytaxtıdır, ya “Hezbullah”ın? Bunların hansı dövlətdir? Sən fikirləş mən danışım.

Livanın baş naziri (indi keçmişdə qalıb) bəyan etdi ki, “Hezbullah” onun hökumətinin bir parçasıdır.

Əgər “Hezbullah” parçadırsa, Livan hökuməti, şübhəsiz, onun yamağıdır...

*

Gecə güclü yağış yağdı. Səhər günəş çıxdı. Gündüz xüsusi xidmətdən adamlar gəlib təbaşirlə gölməçələrin konturunu çəkdilər. Üzdən iraq, kriminal filmlərdən ölünün konturunu xatırladırdı. Soruşdum, “bu, nəyə lazımdır?”. Dedilər, “yağış suyunun yığıldığı çökəklikləri asfalt təbəqəsi ilə örtəçəklər”.

Bu, xaricdə olub.

Havalar sərin keçir. Bir neçə gün əvvəl yığılmış yağış suları buxarlanmır. Piyadalar gölməçələrin ətrafında hərlənirlər. Amma heç vaxt görməmişəm ki, kimsə bu suyun konturunu çəksin.

Bura isə Azərbaycandır.

Ya küçələrin sahmanına cavabdeh olan xüsusi xidmət yoxdur, ya da təbaşir...

*

Bakı şəhər icra hakimiyyətinin keçmiş başçısı, yeganə kişi haqqında tarixi ifadənin müəllifi Hacıbala Abutalıbov avtomobillərin səkidə saxlanılmasını qadağan edən qərar vermişdi. Bir müddət keçdi, birini də verdi. Yenə keçdi – yenə verdi. Xəbəri yox idi ki, sayıram. Altı qərar saydım. Maşınlar isə səkiyə necə çıxırdılarsa, davam edirdilər. Bala hacının ağlına gəlmirdi ki, birinci qərarın icrası ilə bağlı kimisə cəzalandırsın, icraya nəzarəti gücləndirsin...

Getdi Abutalıbov, maşınları isə qalıb səkilərdə. Yığışdıran yoxdur.

*

Hər dəfə Brejnevin şəklini, yaxud kinodakı təsvirini gördükdə, bir tanışım yadıma düşür. O, deyirdi: Brejnevə Sovet İttifaqı Qəhrəmanı adı və Qızıl Ulduzu ilk dəfə təqdim olunanda, İkinci İliç baba söylədi: “Mən bu mükafatı avans kimi qəbul edirəm”. Məlumdur ki, avansın ardınca “poluçka”, aylıq pul mükafatı, rüblük mükafat, ilin nəticələrinə görə mükafat, hətta 13-cü əməkhaqqı da olurdu. Hər yerdə və hamıda yox. Amma Brejnev hələ bir neçə dəfə də Qəhrəman oldu. Belə igiddən danış!

*

Sən isə işləyirsən Azərbaycanın hansısa televiziya kanalında və ağzına gələni danışırsan...

Filanıncı ildə iki nəfər oyunbaz dünya çempionatından futbol matçını şərh edirdi. Birini “doctor” adlandırırdılar. Digəri isə yəqin onun pasiyenti, yəni xəstəsi idi. Həmin pasiyent reportaj zamanı Afrika komandasının futbolçusunu “afroamerikalı” adlandırdı. Afroluğu göz qabağında idi. Amerika haradan çıxdı? Yəqin pasiyentin xəstə təfəkküründən.

*

“İngiltərə” sözündə vurğu ikinci “I” hərfinə düşür. Amma O, vurğünu birinci “ə”yə qoydu. Bu yoğunluqda sözdə O yoğunluqda səhvi yalnız yoğun diktor (aparıcı) buraxa bilərdi. Buraxdı və hələ də ekranda görünür. Axı Azərbaycanda bütün aparıcılar əvəzolunmazdırlar.

*

Monarxiya quruluşuna münasibətim mənfidir. Bununla belə, padşah da insandır və, əgər İspaniya kralı leysan yağışlarından zərər çəkmiş bölgəyə gedib vəziyyətlə maraqlanır, rəiyyətinə ürək-dirək verirsə, bununla insanlıq nümayiş etdirir.

Onun ətrafına insanlar da toplaşmışdılar. Yekələri krala çığırır, onu fitə basır, ittiham edirdilər. Kim isə, yəqin eləsinin yekəsi, krala palçıq atdı.

Bu yerdə xatırlamaq lazımdır ki, dini rəvayətə görə, tanrı ilk insanı palçıqdan yaradıb. Padşah isə tanrının yerdəki nümayəndəsidir. “Padşaha – palçıq!” – müasir ispan şüarı belədir.

Onu da unutma ki, rəiyyət kraldan heç nə tələb edə bilməz. Çünki ona səs verməyib, onu seçməyib.

*

Barrouz. Tanımırsansa, unutmusansa, günah məndə deyil.

2014-cü ildə bu siyası “xadimçi” Avropa Şurasının sədri idi. “Euronews” kanalına müsahibəsində dedi ki, Rusiya Krımı zəbt edərkən buna ümumi reaksiya mənfi olsa da, “hamımız başa düşürdük ki, Krım başqa məsələdir”. Nəzərə al, Barrouz “Qarabağ başqa məsələdir” düşünən Avropanın bir qırığıdır.

Kampaniya gedir. Böyük təbliğat kampaniyası. Siyasətçilər özlərini və bir-birini inandırmağa çalışırlar ki, Ukrayna ərazisinin bir hissəsi Rusiyaya peşkəş edilsə, sülh və əmin-amanlıq bərqərar olunacaq. Ay-hay!

Avropada bir nəfər də mərd və dərrakəli siyasətçi görmədim. Heyf Zelenskidən!

A.ƏZİZ