Ukraynadan Pentaqona cavab – “Biz NATO ölkəsi olacağıq” 

“Ukraynanın Şimali Atlantika Alyansına (NATO) üzvlüklə bağlı mövqeyi dəyişməzdir”.

Feb 13, 2025 - 11:05
Ukraynadan Pentaqona cavab – “Biz NATO ölkəsi olacağıq” 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstem Umerov amerikalı həmkarı Pit Heqsetin Ukraynanın NATO-ya üzvlüyünün qeyri-real xarakter daşıması ilə bağlı bəyanatını Brüsseldə şərh edərkən jurnalistlərə bildirib. 

Umerov deyib ki, Ukrayna NATO ölkəsi olmaq istəyir və belə bir ölkəyə çevriləcək.
O, həmçinin əlavə edib ki, Ukrayna həm də Avropa İttifaqının ölkəsi olacaq.

“Biz müdafiə qabiliyyətimizi saxlayırıq və bunu etməyə qadirik. Bizim öz prioritetlərimiz var, istənilən nəticəni xalqımızla birlikdə çıxarırıq", - deyə Ukraynanın müdafiə naziri bildirib.

O, əlavə edib ki, Ramstayn görüşlərində müdafiəyə yardıma diqqət yetirilir, bütün siyasi məsələlər isə müdafiə nazirləri tərəfindən deyil, başqa səviyyədə müzakirə olunacaq.

Xatırladaq ki, fevralın 12-də Brüsseldə “Ramştayn” formatında görüşün başlamasından əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton Ukraynanın NATO-ya üzvlüyünü  müharibənin sülh yolu ilə həlli üçün real nəticə hesab etmir.
 
Böyük Britaniyanın müdafiə naziri Con Gilli isə deyib ki, Ukrayna NATO üzvü olmalıdır, lakin bu proses müəyyən vaxt aparacaq.

Xatirə SADİQ