Bəstəkar vəfat etdi - Milli matəm elan edildi
Moldovanın xalq artisti, məşhur bəstəkar Yevgeni Doqa ömrünün 89-cu ilində dünyasını dəyişib.
SAVASHMEDİA.az bu barədə “Azadlıq Radiosu”na istinadən xəbər verir.
Üç balet və bir simfoniyanın, bir neçə müzikl və kvartetin müəllifi olan Doqa “Qaraçılar cənnətə gedir”, “Mənim nəvazişli və zərif heyvanım”, “Tənhalara yataqxana təqdim edilir”, “Valentin və Valentina”, “Kraliça Marqo” kimi 200-dən çox filmə musiqi bəstələyib.
Bəstəkara şöhrət 1957-ci ildə gəldi. Bu, Moldova televiziyasında opera müğənnisi Mariya Bieşunun bəstəkarın “Bağın ağ çiçəyi” mahnısını ifa etməsindən sonra baş verdi. Bundan sonra Doqanın mahnıları sovet estrada ulduzları tərəfindən ifa edildi. Onların arasında dünya şöhrətli azərbaycanlı bəstəkar və müğənni Müslim Maqomayev də vardı.
Bəstəkarın ölümü ilə məlumatı moldovalı deputat Natalya Davidoviç “Facebook”da yayıb. Sonradan bu məlumatı Moldova Mədəniyyət Nazirliyi təsdiqləyib.
Moldova prezidenti Maya Sandu bəstəkarın ölümü ilə bağlı milli matəm elan edib.
Xatirə SADİQ