"Biz daha yoxuq, qoy, bunu polyaklar və fransızlar etsin" - Tramp komandasından Ukrayna açıqlaması
Ukraynadakı müharibəni dondurmaq planı çərçivəsində Donald Tramp Avropa qoşunlarının Rusiya və Ukrayna orduları arasında 1200 kilometr bufer zonasında yerləşdirilməsinə çağıra bilər.
SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə “The Teleqraph” ABŞ-nin yeni seçilmiş prezidentinin komanda üzvlərindən birinə istinadən yazıb.
Planın təfərrüatları prezident Volodimir Zelenskinin xəbərdarlığından sonra meydana çıxıb. Zelenski bildirib ki, Rusiyanı sakitləşdirməklə sülhə nail olmaq üçün ictənilən cəhd Avropa üçün “intihar” mənasını daşıyacaq.
Məlum olub ki, bu plan seçilməmişdən öncə andiçmə mərasiminə qədər sülh danışıqlarına başlayacağını bildirən Tramp tərəfindən nəzərdən keçirilən bir neçə variantdan biridir.
Trampın özü hansı razılaşmanın müharibəni bitirə biləcəyi ilə bağlı təfərrüatlar barədə indiyədək danışmayıb.
Qeyd edək ki, Trampın seçki kampaniyasının üç rəsmisi tərəfindən açıqlanan planı hazırkı cəbhə xəttinin dondurulmasını və Ukraynanın NATO-ya üzvlüyünün 20 il təxirə salmağa razı olmasını tələb edir. Bunun müqabilində ABŞ Rusiyanın müharibəni bərpa etməməsi üçün Ukraynanı silahla təmin edəcək.
ABŞ bufer zonasını qorumaq və patrulluq üçün qoşun göndərməyəcək, eləcə də onu maliyyələşdirməyəcək. ABŞ yalnız təlim keçirməyi və başqa dəstəyi nəzərdə tutacaq.
“Biz amerikalı kişi və qadınları Ukraynada sülhü qorumaq üçün göndərmirik. Eləcə də onu maliyyələşdirməyəcəyik. Qoy, bunu polyaklar, almanlar, ingilislər və fransızlar etsin”, - Trampın komanda üzvü deyib.
Artıq Britaniyanın keçmiş maliyyə naziri Corc Osborn deyib ki, Trampın qələbəsindən sonra Londonun ABŞ-nin dəstəyi olmadan Ukraynaya yardımı davam etdirməsi qeyri-realdır.
Xatırladaq ki, Trampı qələbəsi münasibətilə təbrik edərkən Zelenski bildirib ki, yenis eçilmiş prezidentin “güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirir və bunun Ukraynada ədalətli sülhün əldə olunmasına kömək edə biləcəyinə inanır.
Budapeştdəki sammit zamanı Zelenski diqqətə çatdırıb ki, Trampın müharibəni sürətlə bitirmək istəyinə inanır, amma bu, Ukrayna üçün itkilər mənasını daşıya bilər.
Xatirə SADİQ