“Biz Trampı eşitdik” – Kremldən reaksiya
Kreml amerikalı prezident Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə münasibətdə səbrinin tükəndiyinə dair açıqlamasını eşidib.
SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya hələ də Ukrayna böhranının siyasi-diplomatik vasitələrlə həllində maraqlıdır və hazırdır. Kiyev prosesi süni surətdə ləngidir. Heç kim münaqişənin mahiyyətinə varmaq istəmir. Avropalılar işə mane olur, avropalılar bu böhranın ilkin səbəblərinə diqqət yetirmək fikrində deyillər”, - deyə Kremlin sözçüsü iddia edib.
Tramp sentyabrın 12-də səbrinin tükəndiyini bəyan edib və Rusiyanı sanksiyalarla çox sərt vuracağı ilə hədələyib. Mümkün hərəkətlər arasında o, banklar, neft və tariflərlə bağlı məhdudiyyətləri sadalayıb.
Amerika prezidenti həmçinin Avropanın Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərin kifayət qədər sərt olmadığını vurğulayıb: “Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar sanksiyaları sərtləşdirməlidirlər ki, mənim hərəkətlərimə uyğun gəlsin”.
Xatirə SADİQ