“Biz Ukraynaya bir kron da verməyəcəyik” - Andrey Babiş
“Parlament seçkilərində qalib gəlmiş ANO-nun rəhbərliyi ilə yeni Çex hökuməti yaradılarsa, Ukraynaya silah-sursat üçün büdcədən vəsait ayrılmayacaq”.
SAVASHMEDİA.az Ceske Noviny nəşrinə istinadən xəbər verir ki, bunu “Narazı vətəndaşların aksiyası” (ANO) partiyasının lideri Andrey Babiş ölkəsinin Ukraynaya artilleriya mərmiləri vermək təşəbbüsünü şərh edərkən deyib.
“Hökumətdə olsaq, Çexiyanın silah zavodlarına deyəcəyik: “Siz Ukraynaya silah ixrac etmək istəyirsiniz? Bizdı problem yoxdur”. Biz Ukraynaya silah üçün [büdcədən] bir kron da verməyəcəyik. Bizim Çex Respublikası üçün pulumuz yoxdur. Düşünürəm ki, biz Ukraynaya birbaşa yardım etmişik, indi isə yardım Avropa İttifaqı (Aİ) vasitəsilə həyata keçiriləcək”, - deyə Babiş vurğulayıb.
Babiş əlavə edib ki, ölkəsi Ukraynaya yardım göstərən “Aİ büdcəsinə 60 milyard” köçürür.
Çexiyanın müdafiə naziri Yana Çernoxova Babişi tənqid edib və bildirib ki, o, populizmində “həqiqətən çox aşağı düşüb”.
Qeyd edək ki, oliqarx, mediamaqnat Andrey Babiş Çexiyanın ən zəngin biznesmenlərindən biridir. O, 2017–2021-ci illərdə baş nazir vəzifəsində işləyib və hazırda hakimiyyətə qayıtmağa çalışır.
O, 2023-cü ildə prezidentliyə namizədliyini irəli sürsə də, ikinci turda hazırkı dövlət başçısı Petr Pavelə uduzub.
Xatırladaq ki, Çexiyada parlament seçkiləri 3-4 oktyabr 2025-ci il tarixində keçirilib. Babişin ANO partiyası çexlər arasında ən böyük dəstəyi qazanıb.
Xatirə SADİQ