Blinken Ukrayna ilə bağlı təsəlli verdi
Bu barədə “Reuters” məlumat yayıb.
ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun NATO və digər ölkələrdən olan müttəfiq və tərəfdaşlarının Donald Trampın Ağ Evə gəlişindən sonra Ukraynaya dəstəyini davam etdirmək və hətta artırmaq haqqında planlarını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Jurnalistin hazırkı hökumətin Ukraynanın müdafiə qabiliyyətini təmin etmək üçün yeni administrasiyanın asanlıqla ləğv edə bilməyəcəyi hansısa addım atıb-atmaması ilə bağlı sualını cavablandırarkən Blinken deyib ki, müttəfiqlərinin və tərəfdaşlarının işi az əhəmiyyətli deyil.
“Ukraynaya dəstək verən 50 ölkə var və mən bugünkü müzakirələrin nəticələrinə və demək olar ki, hər gün apardığımız müzakirələrə əsasən əminəm ki, bu dəstək davam edəcək. Mən gözləyirəm ki, o artacaq və bizim tərəfdaşlarımız öz çiyinlərinə düşən yükü götürməklə kifayətlənməkdən də artığını etməklə bu işi davam etdirəcəklər”.
Diplomat nəzərə çatdırıb ki, Co Bayden 2025-ci il yanvarın 20-də vəzifəsini tərk etməkdən əvvəl büdcədən 61 milyon dollar məbləğində əlavə ayırmalar çərçivəsində Ukraynaya dəstək üçün ayrılan “hər son dolları” bölüşdürmək niyyətindədir. Bu tarixə qədər federal hökumət döyüş meydanında dəyişən reallıqları, o cümlədən Şimali Koreya qoşunlarının döyüş bölgəsində gözlənilən gəlişini nəzərə alaraq, lazımi hərbi texnikanı öz arsenallarından çıxarmağa və Ukraynanı lazım olan hər şeylə təmin etməyə davam edəcək.
Qeyd edək ki, noyabrın 12 – 13-də Blinken ABŞ-ın NATO və Avropa İttifaqından olan tərəfdaşları ilə Ukraynaya gələcək dəstək barəsində danışıqlar aparmaq üçün Brüsselə səfər edib. Bu, Amerika dövlət katibinin Donald Trampın seçkilərdə qələbəsindən sonra Avropaya ilk səfəridir.
Noyabrın 11-də Polşanın baş naziri Donald Tusk bəyan edib ki, ölkəsi Trampın ABŞ-də hakimiyyətə gəlməsi ilə əlaqədar Ukraynaya kömək etmək üçün Avropada alyans yaratmaq niyyətindədir. Onun sözlərinə görə, qitədə heç kim münaqişənin daha da genişlənməsində maraqlı olmasa da, Polşa və digər Avropa ölkələri Ukraynanın zəifləməsini və hətta təslim olmasını istəmir. “The Times” yazıb ki, belə ittifaqa Böyük Britaniya, Şimali və Baltikyanı ölkələr daxil ola bilər.
Xatirə SADİQ