Peskov müxalifətin Berlindəki yürüşünə münasibət bildirdi 

“Berlində rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması tələbi ilə nümayiş təşkil edən Yuliya Navalnaya, İlya Yaşin və Vladimir Kara-Murza dəhşətli şəkildə və birdəfəlik öz ölkələrindən qopublar”.

Nov 13, 2024 - 16:45
Peskov müxalifətin Berlindəki yürüşünə münasibət bildirdi 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Berlində gözlənilən yürüş barədə müxalifətin planlarına münasibət bildirən Kremlin sözçüsü deyib ki, sözügüdən şəxslərin öz ölkələrinə aidiyyətləri yoxdur. 

“Siz öz ölkəsindən dəhşətli şəkildə və birdəfəlik qopmuş insanları sadaladınız. Onların öz ölkələrinə heç bir aidiyyəti yoxdur və ölkənin də onlara heç bir aidiyyəti yoxdur. Ona görə də onların istənilən fikri burada hər hansı maraq doğurmayacaq”, - deyə Peskov əlavə edib.
 
Xatırladaq ki, Yuliya Navalnaya fevralın 16-da həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnının dul arvadıdır.

Navalnaya ərinin həbsindən sonra övladları ilə birlikdə 2021-ci ilin fevralında Rusiyanı tərk edib. İyulun 1-dən Navalnaya İnsan Haqları Fonduna (HRF) rəhbərlik edib. Bu vəzifədə o, şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparovu (xarici agent kimi tanınıb) əvəz edib. İyulun 11-də “Rosfinmonitorinq” Navalnayanı terrorçu və ekstremistlər siyahısına əlavə edib. 

İlya Yaşin  Moskvanın Krasnoselski bələdiyyə dairəsinin keçmiş rəhbəridir. 2022-ci ildə Ukraynaya qarşı müharibənin əleyhinə çıxdı, buna görə ona qarşı Rusiya ordusu haqqında saxtakarlıq maddəsi ilə cinayət işi açıldı. Həmin ilin dekabrında o, səkkiz il yarım müddətinə azadlıqdan məhrum edildi. Bu il avqustun 1-də Qərb ölkələri ilə Rusiya arasında genişmiqyaslı mübadilə çərçivəsində o, dəyişdirildi və xaricdə məskunlaşdı.

Vladimir Kara-Murza “Novıye İzvestiya”, “Kommersant” qəzetlərinin müxbiri, “Russian Investment Review” jurnalının baş redaktoru olub. 2000-ci illərdə RTVI-nın Vaşinqton bürosuna rəhbərlik edib. 2000 – 2003-cü illərdə o, Dövlət Dumasında SPS fraksiyasına rəhbərlik edən Boris Nemtsovun müşaviri, 2010-cu illərdə “Açıq Rusiya”nın koordinatoru olub. Boris Nemtsov Fondunun keçmiş sədridir. 2019-cu ilin sentyabrından 2022-ci ilin fevralına qədər “Exo Moskvı” və “Azadlıq radiosu”nda verilişlər aparıb. 2023-cü ilin aprelində dövlətə xəyanət və ordu haqqında yalan xəbərlərə görə 25 il müddətinə həbs edilib. O, bu ilin avqustunda Qərb ölkələri ilə Rusiya arasında genişmiqyaslı mübadilə çərçivəsində xaricə yollanıb. 

Xatirə SADİQ