BMT Baş katıbı Kazana gəldi
BMT-nin baş katibi Antonio Quterreş BRİKS sammitində iştirak etmək üçün Rusiyanın Kazan şəhərinə elan olunmamış səfərlə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat verib.
Bu ərəfədə Ukrayna Xarici İşlər Nazirliyi bu səfərə görə BMT baş katibini tənqid edib. “BMT-nin baş katibi Ukraynanın İsveçrədə keçiriləcək ilk Qlobal Sülh Sammitinə dəvətini rədd etdi, lakin o, hərbi cinayətkarın Kazana dəvətini qəbul etdi Bu, sülhə töhfə verməyən yanlış seçimdir. Bu, BMT-nin nüfuzuna xələl gətirir”, - bəyanatda bildirildi.
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis də Ukrayna XİN-nin bəyanatını dəstəkləyib.
“Bu, yolverilməzdir”, - deyə Litva XİN-nin başçısı “X” şəbəkəsində yazlb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Putin Quterreşlə sammitin son günündə görüşəcək.
Xatırladaq ki, Quterreş daim Rusiyanın hərəkətlərini tənqid edərək, Moskvanın Ukraynada davam etdirdiyi hərbi əməliyyatın dünya üçün təhlükəli presedent yaratdığını söyləyirdi. BMT rəhbəri dəfələrlə beynəlxalq hüquqa və Ukraynanın ərazi bütövlüyünə hörmət edən ədalətli sülhə çağırıb.
O, Rusiyanın Ukraynaya təcavüzünə başlamasından iki ay sonra, 2022-ci ilin aprelində Putinlə görüşü zamanı BMT-nin mövqeyini təkrarladı, humanitar yardım və mülki əhalinin münaqişə zonalarından təxliyəsi ilə bağlı təklifləri müzakirə etdi.
Xatirə SADİQ