Bayden Trampı "təhlükə" adlandırdı
“Respublikaçı namizəd Donald Tramp demokratiya üçün təhlükədir və siyasi cəhətdən təcrid olunmalıdır”.
SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Nyu-Hempşirdə çıxışı zamanı deyib.
“Biz onu təcrid etməliyik. Siyasi olaraq onu təcrid edin! Bax biz bunu etməliyik”, - deyə Bayden vurğulayıb.
Baydenin sözlərinə görə, respublikaçı namizəd və keçmiş prezident Tramp ABŞ Konstitusiyasının təminatlarına məhəl qoymaq istəmir. O, xəbərdarlıq edib ki, Tramp demokratların namizədi Kamala Harrisi məğlub edərsə, demokratiya təhlükə altına düşəcək.
ABŞ prezidenti demokratları noyabrın 5-də keçiriləcək seçkidə qalib gəlməyə çağırıb.
Qeyd edək ki, Tramp 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürərkən dəfələrlə qatıldığı mitinqlərdə izdiham o vaxtkı demokrat namizədi Hillari Klintonu nəzərdə tutaraq “onu həbs et” şüarlarını səsləndirirdi. Tramp nəinki belə mitinqlərə rəhbərlik edirdi, hətta kütlənin bu şüarları səsləndirməsinə mane olmurdu.
Bu il isə Kamala Harrisin dəstəklənməsi üçün keçirilən mitinqlərdə onun tərəfdarları bəzən porno ulduza ödənilən pulu gizlətməklə bağlı 34 cinayətdə günahlandırılan Trampı nəzərdə tutaraq “onu həbs et” şüarını səsləndirirlər. Tramp həmçinin 2020-ci il seçkilərindəki məğlubiyyətini qeyri-qanuni olaraq ləğv etməyə cəhddə ittiham olunur.
Lakin Harris öz tərəfdarlarının şüarını yarımçıq kəsərək bildirib ki, Trampı seçki qutusunda məğlub etməyə çalışarkən Ədliyyə Nazirliyi bu məsələ ilə məşğul olacaq.
Xatirə SADİQ