Böyüyün yekəsi - Tarix dərsi
“Böyük” sözü Azərbaycan dilində çox müxtəlif halda işlədilir: oğul, qız, qardaş, bacı; serjant, zabit, mühəndis; otaq, ərazi, stadion, həyət, bina; şəhər, kənd, çay, planet; qazan, boşqab; xəzinə, sərvət; hesab...
Eləcə də, bəstəkar, yazıçı, xadim, sərkərdə və bu kimi. Bizimki ilə müqayisədə zəngin olan rus dilində yuxarıda göstərilənləri “старший”, “большой”, “великий” sözləri ilə ifadə edirlər. Maraqlı cəhət: hökmdarlar yalnız o zaman “veliki” adlandırılırlar ki, zəbt, işğal etsinlər, qan axıtsınlar, dağıtsınlar.
Napoleon Bonapartın siyasəti və hərbi kampaniyaları süquta uğradı, Makedoniyalı İsgəndər dünyanı istila etmək niyyətindən yarı yolda geriyə döndü, amma “veliki” adlandırılırlar. Çünki vurub, talayıb, öldürüblər.
Dünyanın 1 nömrəli işğalçısı Rusiyanın 1 nömrəli işğalçısı 1 nömrəli Pyotrdur. (Bir də oxu, davam edim).
Rusiyada onu çox sevirlər. Özü də fərqli iki düşərgədə.
“Dövlətçilər” ona görə sevirlər ki, Pyotr Rusiya imperiyasını yaradıb, dövləti hər vasitə, o cümlədən istila və amansız qətllər yolu ilə artırıb, böyüdüb, möhkəmləndirib, isveçliləri “əzib”. (Hərçənd, Stokholmda deyil, Poltavada...)
Liberallar üçün Pyotr feodal, zindan Rusiyasını Qərbə yönəltmiş mütərəqqi hökmdardır. Amma onlar əsas məsələləri görmək, heç nəzərdən keçirmək istəmirlər.
Əslində isə, Pyotr onilliklər ərzində bədbəxt ölkəsini incidib və zorlayıb, xeyli günahsız insanı qətlə yetirib. O, meşələri tələf edərək heç kəsə lazım olmayan Voronej (ha-ha!) dəniz donanmasını yaradıb. Orada on minlərlə insan ölüb, külli miqdarda var-dövlət sərf edilib. Nəticədə, donanma heç yerə çıxa bilməyib, gəmilər yerindəcə qalıb, çürüyüb.
Bu qanmaz hökmdar anlaşılmaz səbəbdən ruslara narahat xarici paltarlar geyindirib, zorla onların saçını, saqqalını qırxıb və başlarına parik taxdırıb. Onun bu cür hərəkətlərinin faydalı iş əmsalı 1 yoluq faizə bərabərdir. Bu da sənə “veliki”!
Rusiya tarixi mif və yalanlardan toxunub. Əzəldən belədir. Bu yalan o qədər qədimdir ki, artıq tarixi həqiqət kimi qəbul olunur.
II Pyotr – alman prinsi – Rusiyada cəmi yarım il hökmranlıq edib, sonra devrilib və qətlə yetirilib. O, ölkə tarixinə maymaq kimi daxil olub, indiyədək məsğərəyə qoyulur. Amma keçmişə açıq gözlə baxsan, görərsən ki, taxtda əyləşdiyi 6 ay ərzində II Pyotr ondan əvvəlki çariça Yelizaveta Petrovnanın 20 ildə etdiyindən çox faydalı iş görüb. Məsələn, Yelizavetanın başladığı yeddi illik qanlı müharibəyə son qoydu, məxfi dəftərxananı bağladı.
Həmin gizli dövlət qurumu insanları küçədə, evlərində tutub məhbəsə salır, işgəncə verib öldürürdü. Çar car çəkdi: “Rusiyada bir daha belə olmayacaq”. O, zadəganlara tam azadlıq verdi, vergiləri ləğv etdi və zadəganların boynuna yalnız bir vəzifə qoydu – öz övladlarına təhsil və tərbiyəni təmin etmək! İlk kredit bankını açdı, Rusiyada kağız pul əskinasları buraxdı. Bu, gələcəyə doğru nəhəng maliyyə sıçrayışı idi. II Pyotrun günahı o idi ki, zəif xasiyyətli və hər kəsə inanan olub. Arvadı Yekaterinanın onun haqqında yazdığı xəyanət ittihamlarını oxuduqda, adamın əvvəlcə ürəyi yanır, sonra deyirsən: “Ay mən deyən (...), bəs sən həmin dövrdə Qriqori Orlovla hansı oyunlardan çıxmısan!”.
Bu həmin Katyuşadır ki, ərinə – imperatora qarşı qəsdin başında durdu və əslində çevriliş etdi, tarixə digər “veliki”, II Yekaterina kimi daxil oldu.
A.ƏZİZ