Dilim-dilim olmuş dilim

Hindistanı tanıyır. Ölkə kimi, dövlət kimi. Tanıyır hind filmlərini, hind musiqisini: görmüşük, eşitmişik. Sakinlərinə hindli deyilir. Hindu da deyilir: Azərbaycan dilinin qaydasız qaydası buna icazə verir.

May 8, 2025 - 12:57
Dilim-dilim olmuş dilim

Amerikanı Hindistanla nə əlaqələndirir? Təkcə o ki, Xristofor Kolumbun qanlı ekspedisiyası Hindistana yollanmışdı, Amerikaya gedib çıxdı. Vəssalam. Lakin yerli tayfalar hindi adlandırılırlar. Mən nəkarəyəm, “Azərbaycan dilinin izahlı lüğəti” yazır:

“Hindi, is. Amerika qitəsinin, indi Cənubi və Şimali Amerikanın ancaq bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Amerika hindiləri. Hindlilərin öz hüquqları uğrunda mübarizəsi.

Hindli, is. Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı; hindu; hindistanlı.

Hindu. Bax hindli...”.

Daha zəngin və ciddi mənbə sayılan “Azərbaycan Sovet Ensiklopediyası” təkrar edir:

“Hindilər... Amerikanın yerli əhalisinin (eskimos və aleutlardan başqa) ümumi adı...”

Maraqlıdır, görəsən avropalı işğalçılar gələnədək onlar öz adını bilirdilərmi?..

Buna baxanda fikrimə yalnız bir ədəbli söz gəlir: uyğunsuzluq.

Coğrafi adlara nəzər salaq: Hindistan, Hind okeanı, Hind-Çin bölgəsi... Və İndoneziya. Sonuncu rus dilindəki kimidir. Lakin onlar qalanlarına “Индия”, “Индийский океан”, “Индокитайский регион”  deyirlər. “Индонезия” bu sıradan kənarda qalmır. Hindistanlıları da ruslar “индуйцы” yox, “индийцы” adlandırırlar. Heç nə itmir və əlavə olunmur.

Acı təbəssümlə:
(“Azərbaycan dilinin izahlı lüğəti”, 1987, səh. 394)

“Hindtoyuğu, is. Dişi hinduşka, hinduşkanın toyuğu”.

Niyə də yazmayasan “hinduşkanın arvadı”?!

Başımıza bəla dilçilər dişini “kişi” ediblər. Halbuki rus dilində “индюшка” dişidir, quşun erkəyi isə “индюк” adlanır.

Bütün düşündüyümü, fikirlərimi sözlə yox, üç nöqtə ilə ifadə edim: ...

A.ƏZİZ