Zelenski Moskva paradına ad qoydu - “Abırsızlıq paradı…”

8 May – Anım və Nasizm üzərində Qələbə Günü münasibətilə Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin mərkəzində videoçarx çəkib.

May 8, 2025 - 12:54
May 8, 2025 - 14:24
Zelenski Moskva paradına ad qoydu - “Abırsızlıq paradı…”

SAVASHMEDİA.az xəbər verir ki, bu video Ukrayna prezidentinin sosial şəbəkələrdəki səhifələrində paylaşılıb.

Ukrayna prezidenti videoda Kiyevin Müstəqillik Meydanındakı həyatla Rusiyanın Qırmızı Meydanındakı qorxu paradı arasındakı fərq göstərməyə çalışıb.

O, bildirib ki, bütün dünya ilə birlikdə qeyd olunan həmin gündə şərin uduzması, yenidən təkrarlanmaması naminə, həyat uğrunda 80 il əvvəl mübarizə aparılıb. Amma üç il bundan əvvəl həmin Şər qüvvəsi Ukrayna torpaqlarına gəlib. 

“Siz görürsünüz, indi burada həyat var. Üç il əvvəl Müstəqillik günü üçün müraciətin yazıldığı zaman burada yandırılmış rus texnikası vardı”, - deyə Zelenski Kiyevin küçələrini göstərib.

Moskvadakı paradın təşkilatçılarını “Təkrarlaya bilərik” sektası adlandıran Zelenski bildirib ki, bütün dünya 80 il öncəki şərin Ukraynada təkrarlandığına şahiddir: “Sabah Buçadakı kütləvi məzarlıqların təşkilatçısı nasistlərin vəhşiliyindən danışacaq. Və məhz Mariupolun blokadasını təşkil edənlər Leninqradın blokadasından danışacaqlar. Abırsızlıq paradı olacaq. Başqa cür adlandıra bilməzsən. Acıq və yalan paradı. Sanki onlarla müttəfiq dövlət deyil, Putin nasizmə qalib gəlib. Sanki Berlində Reyxstaq üzərində Qələbə bayrağını öz əli ilə qaldırıb. Tanrıya şükürlər olsun ki, Ukrayna bütün bunlardan, bu bataqlıqdan xilas oldu. Tanrıya şükürlər olsun ki, Ukrayna 80 il əvvəl onlarla millətin nazişmlə mübarizə apardığını unutmayıb”.

Zelenski xatırladıb ki, 8 milyondan çox ukraynalı həmin mübarizədə həlak olub. İndi isə, demək olar ki, hər bir ukraynalı ailənin yeni şərlə mübarizə aparmış və ya aparan bir qəhrəmanı var.

Dövlət başçısı Müstəqillik Meydanındakı xalq abidəsinə diqqəti cəlb edib. Onun sözlərinə görə, bu abidə Ukraynanın niyə yaşadığını, niyə bu qədər güclü olduğunu və ukraynalıların öz qəhrəmanlarına necə dəyər verdiyini göstərir. “Bir vaxtlar burada yalnız bir lövhə, A4 kağız parçası və bir yazı vardı: “Rusiya tərəfindən öldürülən birini tanıyırsınızsa, bayraq qoyun”. İndi bu, hər bir xalqın anım yeridir. Hər bayraq, hər portret, hər şam bizim minnətdarlığımız, ehtiramımızdır. Bu, bilirsiniz, əmrlə tikilmiş abidə deyil. Ukraynalıların ən yaxşılarına hörmət etmək insani istəkdir. Və bu, bizimlə şər arasındakı uçurumun daha bir sübutudur. Onlar üçün səcdəgah milyonlarla insanın həyatına son qoyan Qırmızı Meydandakı babadır. Bizim üçün isə qəhrəmanlar aramızda olan qəhrəmanlardır”.

Ukrayna prezidenti vurğulayıb ki, Rusiya kökündən dəyişməlidir, yoxsa dünya dəyişməli olacaq: “Məhz 80 il əvvəl dünyanın bunu etdiyi kimi. Nəhayət, hamıya bəlli oldu: şəri sakitləşdirmək mümkün deyil. Onunla mübarizə aparılmalıdır. Hamımız birlikdə”.

Videonun çəkilişi zamanı Zelenski meydanda olan ukraynalılarla fotolar çəkdirib və ünsiyyətdə olub. 

Xatirə SADİQ