Braziliya prezidentinin bu hərəkəti avropalı siyasətçiləri qeyzləndirib
G20 sammitində iştirak edən Avropa ölkələrinin nümayəndələri Braziliya prezidenti Luis İnasiu Lula da Silvanın yekun bəyanatı bir gün əvvəldən dərc etmək qərarından narazı qalıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik nəzərə çatdırıb ki, adətən kommunike sammitin sonunda verilir, lakin Lula da Silva mətni sammitin ilk günü, ABŞ, Fransa prezidentləri və Almaniya kansleri zalda olmayanda plenar iclasın sonunda təsdiq etməyi qərara alıb.
Üç braziliyalı diplomat “Reuters”ə bildirib ki, avropalılar Rusiyanın Ukrayna münaqişəsindəki rolu ilə bağlı daha sərt ifadələrin olmasını tələb etsələr də, Braziliya sammitin yekun bəyannamə olmadan bitməsi riskinin qarşısını almaq üçün kommünikenin təsdiqini sürətləndirib.
Rio-de-Janeyroda keçirilən G20 liderlərinin sammitinin yekun bəyannaməsində Ukraynaya həsr olunmuş cəmi bir bənd var. 9-cu bənddə deyilir ki, Ukraynadakı hərbi əməliyyatlar insan iztirablarına və qlobal ərzaq və enerji təhlükəsizliyi üçün mənfi nəticələrə səbəb olub və G20 ölkələri hərtərəfli, ədalətli və davamlı sülhü dəstəkləməyə yönəlmiş təşəbbüsləri alqışlayır.
Xatirə SADİQ