“Bu, Putinə siqnaldır” - Metyu Uitaker
NATO-nun avropalı müttəfiqləri və Kanada tərəfindən ödəniləcək ABŞ silahlarının Ukraynaya göndərilməsi qərarı Rusiya lideri Vladimir Putinə siqnaldır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Fox News telekanalında bildirib.
“Ukraynanı müdafiə etmək üçün ABŞ-nin vergi ödəyicilərinin qeyri-məhdud vəsaitlərini göndərdiyi günlər arxada qaldı. Biz dünyanın ən yaxşı silahlarını istehsal edirik və hamı onları (almaq) istəyir. Biz isə Ukrayna üçün silahlara üstünlük verəcəyik”, - deyə amerikalı diplomat vurğulayıb.
O, xatırladıb ki, ABŞ prezidenti rusiyalı həmkarı Putinə Ukrayna müharibəsini dayandırmaq üçün kifəyət qədər vaxt vermişdi: “Biz sizə sülh şansı verdik. Prezident Tramp sülhməramlıdır. Amma siz müharibə istəyirsinizsə, biz Ukraynanı silahlandıracağıq, Avropa bunun əvəzini ödəyəcək”.
Səfir nəzərə çatdırıb ki, son 18 ayda ruslar Ukrayna ərazisinin 1%-ni işğal edə biliblər: “Onlar uğur qazanmırlar, hər gün minlərlə əsgərini itirirlər. Ukrayna şəhərlərində dinc əhali arasında qurbanlar həddən artıq çoxdur. Ona görə də hesab edirəm ki, bu, bu müharibəni nəhayət başa çatdırmaq üçün böyük addımdır. Əgər Vladimir Putin Ukraynada döyüşləri davam etdirmək istəsə, ABŞ Ukraynanın özünü müdafiə etmək üçün istifadə edə biləcəyi silahları Avropaya satacaq”.
Xatirə SADİQ