“Bu raunddan ani qərarlar gözləmək yanlışdır” - Kremlin sözçüsü
“Rusiya və Ukrayna tərəfləri arasında birbaşa danışıqların ikinci raundundan ani qərarlar və irəliləyişlər gözləmək yanlış olardı”.
SAVASHMEDİA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Amma o, nəzərə çatdırıb ki, görüşdə mühüm razılaşmalar əldə olunub. “Bu razılaşmalar yerinə yetiriləcək, sonra iş davam etdiriləcək. Biz təhvil verilən [sülh yolu ilə nizamlanma haqqında] memoranduma reaksiya gözləyirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov əlavə edib ki, memorandumun Rusiya variantı “bu münaqişənin əsas səbəblərindən xilas olmaq və dayanıqlı nizamlanmaya doğru irəliləmək” məqsədi daşıyır. O vurğulayıb ki, Rusiya tərəfindən sənədin bəndləri ilə bağlı mümkün kompromislər danışıqlar üçün açıq mövzudur və ictimai şəkildə aparıla bilməz.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu iyunun 2-də İstanbulun Çırağan Sarayında baş tutub.
Xatirə SADİQ