Bu şəxslərə sürücülük vəsiqəsi qısa müddətə verilir - Qaydanın İZAHI
Azərbaycanda sürücülük vəsiqələrinin verilmə müddəti bütün vətəndaşlar üçün eyni deyil.
SAVASHMEDİA.az xəbər verir ki, yaş həddi və sağlamlıq vəziyyətindən asılı olaraq Azərbaycanda bəzi şəxslərə vəsiqələr daha qısa müddətə verilir.
Mövcud qaydalara əsasən, 60 yaşına çatmamış şəxslərə sürücülük vəsiqəsi 10 il müddətinə verilir. 60-70 yaş arasında olan vətəndaşlar üçün vəsiqənin etibarlılıq müddəti onların 70 yaşı tamam olanadək müəyyən edilir.
70 yaş və daha yuxarı şəxslərə isə sürücülük vəsiqəsi 2 il müddətinə verilir. Bu şəxslər vəsiqənin müddəti bitdikdən sonra yenidən tibbi müayinədən keçərək sənədi uzatmalıdırlar.
Bundan başqa, müəyyən xəstəliklərdən əziyyət çəkən vətəndaşlara da sürücülük vəsiqəsi məhdud müddətə təqdim olunur. Belə hallarda vəsiqənin etibarlılıq müddəti tibbi arayış əsasında müəyyən edilir və adətən 2 ildən artıq olmur.
Məqsəd sürücülərin sağlamlıq vəziyyətinin mütəmadi qiymətləndirilməsi, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və mümkün risklərin minimuma endirilməsidir. Bu səbəbdən yaşı 70-i keçmiş və ya müəyyən tibbi məhdudiyyətləri olan şəxslər üçün sürücülük vəsiqələrinin müddəti daha qısa müəyyən edilir.
Aytən