Budapeşt ICC-dən çıxdığını elan etdi
Macarıstan hökuməti Kreml lideri Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxdığını açıqlayıb.
SAVASHMEDİA.az “Telex” nəşrinə istinadən xəbər verir ki, bunu Macarıstan baş nazirinin aparat rəhbəri Gergey Quyaş deyib.
Quyaş bildirib ki, hökumət konstitusiya və beynəlxalq hüquqi çərçivəyə uyğun olaraq cümə axşamı məhkəmə üzvlüyündən çıxmaq proseduruna başlayıb.
Maraqlıdır ki, bu qərar baş nazir Viktor Orbanla bu ölkəyə səfərə gəlmiş İsrailin baş naziri Benyamin Netanyahu arasında keçiriləcək görüş ərəfəsində açıqlanıb.
Qeyd edək ki, Macarıstan hökuməti ICC-nin Netanyahu barəsində həbs orderi verməsindən sonra bəyan etmişdi ki, qurumun absurd və biabırçı qərarına məhəl qoymayacaq.
KİV-in məlumatına görə, Macarıstanın ədliyyə naziri Bentse Tujon ötən həftə səfirlərlə qapalı görüşdə ölkəsinin yaxın günlərdə ICC-dən çıxacağını bildirmişdi.
Macarıstan ABŞ prezidentinin ICC-yə sanksiya tətbiq etməsinə dair sərəncamından sonra bu qurumdakı statusuna yenidən baxmaq qərarına gəldi.
Xatirə SADİQ