“Biz polyakların yanındayıq” - Viktor Orban
Macarıstanın baş naziri Viktor Orban Rusiya dronlarının Polşa ərazisinə soxulmasını qəbuledilməz adlandırıb.
SAVASHMEDİA.az bu barədə 24.hu portalına istinadən xəbər verir.
“Gəlin bir faktı nəzərdən qaçırmayaq ki, bu, Polşada baş verib. Polyaklar hazırkı siyasi konyunkturadan asılı olmayaraq bizim dostlarımızdır. Onlar bizim tarixi müttəfiqlərimizdir, ruhən bizə yaxındırlar, ona görə də onlar bizim əsl dostlarımızdırlar”, - deyə Orban söyləyib.
Onun sözlərinə görə, Macarıstan Polşanın suverenliyini pozan hər şeyə aydın cavab verən ilk ölkələrdən biri olmalıdır: “Biz ilk andan Rusiya dronlarının Polşa ərazisinə hücumunu qəbuledilməz adlandırdıq və biz polyakların yanındayıq. Biz onlarla 100 faiz həmrəyik. Çərşənbə günü baş verən insident hər gün yaşadığımız təhlükəli şəraitin təcəssümü və ya ibrətamiz hekayəsidir”.
Baş nazirin fikrincə, bu hadisə bu gün və ya dünən Polşada və ya Macarıstanda baş verə bilər, “ ona görə ki, müharibə təhlükəsi qaçılmazdır”.
O əlavə edib ki, macarlar müharibəyə cəlb olunmayıb, onlar məsafə saxlayırlar, “polyaklar boğazadək onun içindədir”.
Xatirə SADİQ