Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxs sərbəst buraxıldı
Orem şəhərindəki universitetdə tələbələrlə görüşü zamanı qətlə yetirilən podcaster Çarli Kirkə atəş açmaqda şübhəli həbs edilən şəxs dindirildikdən sonra sərbəst buraxılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel X sosial şəbəkəsində yazıb.
“Bizim araşdırmamız davam edir və biz şəffaflıq naminə məlumat yaymağa davam edəcəyik”, - deyə FBR direktoru əlavə edib.
Bundan öncə “Fox 11 Reno”nun məlumatına görə, şübhəli şəxs Yuta sakini və demokrat kimi qeydiyyatdan keçmiş Maykl Mallinson olub.
Şahidlərdən biri NBC News telekanalına bildirib ki, o, yaşlı adamın necə saxlanıldığını görüb: “Onu diz üstə qoydular, o, isə haqqları və bütün bu kimi şeylər barədə qışqırırdı. Onu qandallayıb apardılar”.
Amerikanın tanınmış siyasətçiləri Kirkin öldürülməsinə dərhal reaksiya veriblər.
“Amerika Birləşmiş Ştatlarında heç kim gəncliyi onun kimi başa düşmürdü və hiss etmirdi. Onu hamı sevirdi və heyran qalırdı, və mən də xüsusilə. İndi o, artıq bizimlə deyil. Melaniya və mən onun gözəl həyat yoldaşı Erika və onun bütün ailəsinə dərin hüznlə başsağlığı veririk. Çarli, biz səni həmişə sevəcəyik!”, - deyə ABŞ prezidenti “Truth” sosial şəbəkəsində yazıb.
Vitse-prezident Cey Di Vens podkasteri və mühafizəkar fəalı “səmimi yaxşı insan” adlandırıb. Yutanı təmsil edən senator Mayk Li, müdafiə naziri Pit Heqset və Kaliforniya qubernatoru Gevin Nyusom da onun ünvanına xoş sözlərini ifadə ediblər.
“Time” jurnalı isə yeni sayını Çarli Kirkə həsr edib və onun qətlindən bir neçə dəqiqə əvvəl Yuta ştatında universitetdə danışmasını əks etdirən fotosunu üz qabığına qoyub.
“Çarli Kirkin qətli katalizator ola bilər – daha çox amerikalıları radikallaşdıran bir hadisə, daha az anomaliya və getdikcə təhlükəli olan milli siyasətimizin bir xüsusiyyəti kimi”, - deyə “Time” yazıb.
31 yaşlı Çarli Kirk 2012-ci ildə təsis etdiyi “Turning Point USA” təşkilatının yaradıcısı və icraçı direktoru idi. Bu təşkilat özünü azad bazarlar, kiçik hökumət və “ənənəvi dəyərlər” üçün tələbə hərəkatı kimi tanıdir və hazırda ölkə üzrə 3500-dən çox kampusda fəaliyyət göstərir. Kirk həmçinin məşhur “The Charlie Kirk Show” podkastını aparırdı və 2024-cü il respublikaçıların milli qurultayında çıxış edən Trampın gözəçarpan tərəfdarı idi.
Kirk geniş şəkildə Rusiyayönlü bəyanatları ilə tanınırdı. O, dəfələrlə Ukraynaya hər hansı dəstəyin əleyhinə çıxır və iddia edirdi ki, Vaşinqton Kiyevə hərbi təchizatı dayandırmalı və Moskva ilə münasibətləri bərpa etməlidir.
UNİAN-ın məlumatına görə, Kirk öz bəyanatlarında açıq şəkildə Kremlin narrativlərini təbliğ edir, Ukrayna prezidenti Volodimir Zelenskini “Mərkəzi Kəşfiyyat İdarəsinin kuklası” adlandırır və Ukraynanın şərq bölgələrinin “tarixən Rusiyaya məxsus olduğunu” iddia edirdi.
Kirkin Yutaya səfəri “American Comeback Tour” kampaniyası çərçivəsində keçirilirdi. Burada o, “haqsız olduğumu sübut et” formatında tələbələrlə debat keçirməyi planlaşdırırdı. Onun çıxışı etirazlar doğurmuşdu və 800-dən çox insan bununla bağlı petisiya imzalamışdı.
Xatirə SADİQ