“Cəhənnəm boşalıb, şeytan azadlığa çıxıb” – Estoniya prezidenti Rusiyaya qarşı dirənişə səslədi

“Ukraynanı dəstəkləmək üçün Qərbin öz üzərinə qoyduğu məhdudiyyətlər yalnız onun qorxusunu, zəifliyini və qərarsızlığını əks etdirir, bütün bunlar isə təcavüzkarı həvəsləndirir”.

Oct 7, 2024 - 14:42
“Cəhənnəm boşalıb, şeytan azadlığa çıxıb” – Estoniya prezidenti Rusiyaya qarşı dirənişə səslədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Estoniya prezidenti Alar Karis “Politico”da dərc olunmuş köşə yazısında bildirib.

Estoniya prezidenti Berlin divarının sökülməsindən və bir sıra Şərqi Avropa ölkələrinin müstəqillik əldə etməsindən sonrakı ümid dövrünü xatırladıb.

“Amma bizim davamlı sülhə olan ümidlərimiz və Avropada müharibənin mümkünsüzlüyü ilə bağlı inamımız puç oldu. İndi sanki cəhənnəm boşalıb və şeytanlar azadlığa çıxıblar, XX  əsrin pis kölgələri – Stalinin gizli paktları, nüfuz dairələri və beynəlxalq hüquq əvəzinə kobud güc üçün həsrəti təcəssüm etdirən xortdanlar kimi üzə çıxıblar”, – deyə Karis bildirib.

Onun fikrincə, bu mürəkkəb dövrdə Qərbin özü özü üçün problemi yalnız gərginləşdirən xətlər çəkib.

“Son onilliklərin ən böyüyü olan bu geosiyasi böhranda biz başımızı dik tutmalı və uzaqgörən olmalıyıq. Rusiyanın Ukraynaya qarşı müharibəsi ağ-qaradır: Rusiya təcavüzkar, Ukrayna isə qurbandır”, - deyə Estoniya prezidenti vurğulayıb.

Karisin sözlərinə görə, Rusiyanın niyyətləri ilə bağlı təkliflər irəli sürməklə Qərb ölkələri öz divarlarını tikiblər:

“Biz xətt çəkdik, onu keçməyin eskalasiya demək olacağına inandıq. Bu doğru deyil! Qorxumuz əsassızdır. Özümüzə qoyduğumuz məhdudiyyətlər dəfələrlə gözdən salınıb. Onlar yalnız bizim qorxumuzu, zəifliyimizi və qətiyyətsizliyimizi əks etdirir, bütün bunlar təcavüzkarı həvəsləndirir, ruhlandırır, iştahını artırır”.

Məhdudiyyətlərin ədalətsiz, əxlaqsız və zərərli olduğunu vurğulayan Estoniya prezidenti ABŞ-nin eks-prezidenti Ronald Reyqanın 1987-ci ildə Berlindəki çıxışında divarın gözətçilərinə sadə, lakin güclü "Bu divarı yıxın!" mesajı ilə müraciət etdiyini, iki il yarım sonra – 9 noyabr 1989-cu ildə berlinlilərin bunu etdiklərini xatırladıb.

“Onilliklər sonra biz paradoksal şəkildə divarı özümüz tikirik, Rusiyanın yeni hücumları ilə üzləşən Ukraynanı onun (divarın – red) üzərində öz döyüşlərini aparmağa və hər gün daha çox itki verməyə məcbur edirik. Ona görə də Reyqanın sözlərini başqa cür ifadə edərək, mən hamımıza müraciət edirəm: Gəlin bu məhdudiyyətlər divarını yıxaq!”, - deyə Karis əlavə edib.

Xatirə SADİQ