Çexiyadakı ruslara vətəndaşlıq verilməyəcək
Rusiya pasportundan imtina etməyən ruslara Çexiya vətəndaşlığının verilməsinə qadağa qoyulub.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bununla bağlı Çexiya Senatı “Lex Ukrajina” qanununa düzəlişləri təsdiqləyib.
Qanunun müəllifləri və onun tərəfdarları hesab edirlər ki, rusların Avropa İttifaqı (Aİ) ölkə pasportu almasını çətinləşdirmək indiki şəraitdə düzgün addımdır. Onlar bunu Rusiyanın 3 ildir Ukraynada işğalçılıq müharibəsi aparması, eləcə də Çexiyadakı rus diasporu arasında Kremlin tərəfdarlarının və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olan insanların şoxluğu ilə izah ediblər.
15 yaşdan yuxarı rusiyalıların Çexiya vətəndaşlığı üçün bütün cari müraciətləri “Lex Ukrajina” qanununun qüvvədə olduğu vaxta qədər dayandırılacaq. Maraqlıdır ki, qanunun yeni versiyasına əsasən bu, müddətsizdir. Düzəliş yalnız az sayda rusiyalıya şamil edilməyəcək. Onların arasında qaçqınlar, 15 yaşınadək uşaqlar, eləcə də Çexiyanın iqtisadiyyatına və ya mədəniyyətinə xüsusi töhfə vermiş şəxslər var.
Çexiyada yaşayan rusiyalılar və bəzi deputatlar qəbul edilən qanunu ayrı-seçkilik kimi qiymətləndiriblər.
Çexiya Ombudsmanı isə qanun layihəsinin təsdiqindən öncə partiyası düzəlişlərin təşəbbüskarı olan ölkənin daxili işlər naziri Vit Rakuşana məktub ünvanlayıb. Ombudsman qanun layihəsini tənqid edib və bildirib ki, bu, ayrı-seçkilik sahəsində çoxsaylı suallar doğurur.
“Amerikanın səsi” yazır ki, Çexiyada vətəndaşlıq almaq qaydaları Avropada ən sərt qaydalardandır. Pasport almaq üçün əcnəbilər ölkədə, ən azı, 10 il yaşamalı, bunun beş ili daimi yaşayış icazəsi ilə olmalıdır. Bu dövrdə heç bir məhkumluq olmamalı, çex dilində danışmağı bacarmalı, sabit gəlirə, Çex Respublikasının mədəniyyəti, tarixi və quruluşu haqqında bilgiyə malik olduğunu sübut etməlisən. Vətəndaşlığa namizədlər həmçinin Çexiya Təhlükəsizlik Xidmətləri və Daxili İşlər Nazirliyi tərəfindən diqqətlə yoxlanılır. Bu şərtlərə istisnalar fərdi hallarda – qaçqınlıq, çex kökləri olan şəxslərə və ya Çex vətəndaşı ilə evlilik halında olan insanlara tətbiq edilir.
Xatirə SADİQ