Cimmi Karter ölümündən sonra “Qremmi” mükafatı aldı

Los-Ancelesdə 67-ci “Qremmi” musiqi mükafatının təqdimetmə mərasimi keçirilib.

Feb 3, 2025 - 11:02
Cimmi Karter ölümündən sonra “Qremmi” mükafatı aldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. 

ABŞ-nin keçmiş prezidenti Cimmi Karter ölümündən sonra “Qremmi” mükafatını qazanıb. 

Ölümündən əvvəl Karter, Corciyadakı “Maranafa” baptist kilsəsindəki “bazar günü məktəbi”ndə tədris etdiyi dərs qeydlərinə görə “Ən yaxşı audiokitab, kadrarxası mətn, və hekayə” kateqoriyasında namizəd olmuşdu. 

Cimmi Karterin adından mükafatı onun nəvəsi Ceyson Karter qəbul edib. “Onun sözlərinin mənim ailəm və dünya üçün bu şəkildə əks olunması həqiqətən əlamətdardır. Təşəkkür edirəm, Akademiya”, - deyə sabiq prezidentin nəvəsi minnətdarlıq nitqində bildirib.

Bu, Cimmi Karterin dördüncü “Qremmi” mükafatı olub. O, “Qremmi” tarixində ən yaşlı mükafat laureatı olub. 

Builki “Qremmi” mükafatlarının triumfatoru isə amerikalı reper Kendrik Lamar olub. Onun “Not Like Us” (“Bizim kimi deyil”) mahnısı namizəd olduğu dörd kateqoriyanın hamısında qalib gəlib. 

Tanınmış müğənni Beyonse “İlin albomu” və “Ən yaxşı ölkə albomu”nun mühüm kateqoriyalarında qalib gəlib. O, “İlin albomu” mükafatını qazanan ilk qaradərili qadın olub. Beyonsenin “Qremmi” heykəlciklərinin ümumi sayı 35-ə çatıb. 

Nominasiyaların sayına görə liderlərdən biri olan Billi Ayliş “Qremmi”nin heç bir mükafatını qazana bilməyib. 

Mərasim iştirakçıları Los-Ancelesdə baş verən böyük yanğınları da unutmayıblar. Tədbirin gedişində təbii fəlakət qurbanlarına kömək üçün təxminən 7 milyon dollar toplanıb.

Bundan başqa, yanğınsöndürmə xidmətinin əməkdaşları “İlin albomu” nominasiyası üzrə mükafatı qalibə təqdim ediblər. Tədbirin aparıcısı Trevor Noa zarafatla deyib ki, bu, onların indiyə qədər gördükləri ən asan işdir.

Xatirə SADİQ