Çin XİN-nin sözçüsü adını çəkmədən Zelenskiyə mesaj göndərdi

Çinin Xarici İşlər Nazirliyi (XİN) Ukraynada rus ordusunun tərəfində döyüşən 155 ölkə vətəndaşından xəbərsiz olduğunu bildirib.

Apr 10, 2025 - 16:29
Çin XİN-nin sözçüsü adını çəkmədən Zelenskiyə mesaj göndərdi

SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Çin XİN-nin sözçüsü Lin Tszyan jurnalistlərin bu barədə suallarını şərh edərkən deyib.

Bu məsələ ilə bağlı paylaşacağı heç nəyin olmadığını deyən sözçü qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Pekinin mövqeyi “obyektiv və ədalətli”dir. 

“Biz atəşkəs və sülh danışıqlarını təşviq etməyə çalışırıq. Bu, beynəlxalq ictimaiyyət üçün çox aydındır”, - deyə o, əmin edib. 

XİN spikeri hətta xəbərdarlıq edib ki, maraqlı tərəflər “məsuliyyətsiz bəyanatlar” verməkdən çəkinməlidir. “Bir daha demək istərdim ki, Çin Ukrayna böhranının təşəbbüskarı və onun iştirakçısı deyil. Biz böhranın sülh yolu ilə həllinin güclü tərəfdarı və fəal müdafiəçisiyik. Biz müvafiq maraqlı tərəfləri Çinin rolunu düzgün və ayıq şəkildə dərk etməyə və məsuliyyətsiz bəyanatlar verməməyə çağırırıq”, - deyə o, Zelenskinin adını çəkmədən brifinqdə deyib.

Xatırladaq ki, bir gün öncə məhz Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib ki, Rusiya Federasiyasının tərəfində Ukraynaya qarşı döyüşən 155 Çin vətəndaşı haqqında məlumat var. O, əlavə edib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, əslində Rusiya ordusunun sıralarında daha çox Çin vətəndaşı var.

Xatirə SADİQ