Cozep Borrell Kiyevdədir - O, hansı mesajla gəlib?

Avropa İttifaqının (Aİ) xarici siyasət komissarı Cozep Borrell respublikaçı Donald Trampın qələbəsindən sonra Ukraynanı Avropanın dəstəyinə inandırmaq məqsədilə Kiyevə gəlib.

Nov 9, 2024 - 15:06
Nov 9, 2024 - 15:14
Cozep Borrell Kiyevdədir - O, hansı mesajla gəlib?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi (AFR) məlumat yayıb.

Agentlik yazır ki, Trampın qələbəsi Ukraynada və Avropada amerikalı prezidentin Kiyevin Rusiya işğalına qarşı mübarizəsinə Vaşinqtonun dəstəyini dayandıra biləcəyi ilə bağlı narahatlıqları artırıb.

“Mesaj aydındır – avropalılar Ukraynanı dəstəkləməyə davam edəcəklər. Biz əvvəldən Ukraynanı dəstəkləmişik və Ukraynaya sonuncu səfərimdə də eyni mesajı verirəm: biz sizə bacardığımız qədər dəstək verəcəyik”, - deyə gələn ay vəzifəsini tərk etməli olan Borrell onu müşayiət edən AFP jurnalistinə deyib.

Onun sözlərinə görə, heç kim yeni administrasiyanın nə edəcəyini dəqiq bilmir, amma hazırkı prezident Co Baydenin qərar qəbul etmək üçün hələ iki ayı var. 

“Lakin biz avropalılar bu fürsətdən daha güclü və vahid Avropa qurmaq üçün istifadə etməliyik. Bizim birləşmiş, daha güclü və daha bacarıqlı olmağımızın yollarından biri Ukraynanı dəstəkdəki rolumuzdur”, - deyə o, əlavə edib.

Borrel onu da vurğulayıb ki, lazım gələrsə, dəstəyi nə vaxt və necə artırmaq barədə Aİ ölkələri qərar verəcək.

Lakin o, etiraf edib ki, Aİ liderlərinin Budapeştdə keçirilən görüşündə üzv ölkələrin əksəriyyəti (hamısı deyil – red) Ukraynanı dəstəkləməyə davam edərək, eyni xəttin aparılmasında israr edib. 

“Bloomberg” yazıb ki, Aİ liderləri cümə axşamı Budapeştdə keçirilən görüşdə Donald Trampın ölkəsinin dəstəyini dayandırmaq qərarı təqdirində Ukraynanın hərbui müdafiəsinin davam etdirilməsi imkanlarını müzakirə ediblər. 

Bu müzakirədən öncə Macarıstanın baş naziri Viktor Orban radioya verdiyi müsahibədə Avropanın “uduzulmuş müharibəni” təkbaşına maliyyələşdirə bilməyəcəyini və ABŞ-nin dəstəyini dayandıracağını söyləyib. 

Xatirə SADİQ