“Sarkoziyə qarşı təqiblər dayandırılmalıdır” - Orban hiddətlənib
Macarıstanın baş naziri Viktor Orban “Liviya işi”nə görə 5 il həbs cəzasına məhkum edilmiş keçmiş Fransa prezidenti Nikola Sarkoziyə verilən cəzadan qəzəbləndiyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Orban bu barədə öz X səhifəsində yazıb.
Baş nazir keçmiş prezidentə qarşı cinayət ittihamlarını “Avropa vətənpərvərinə qarşı ifritə ovu” kimi səciyyələndirib.
“Prezident Nikola Sarkoziyə qarşı təqiblər dayandırılmalıdır. Prezident Sarkozi şərəfli insandır. Ona ədalət uğrunda mübarizəsində qüvvə arzulayıram”, - deyə Orban vurğulayıb.
Xatırladaq ki, sentyabrın 25-də Paris məhkəməsi keçmiş prezident Nikola Sarkoziyə qarşı “Liviya işi” ilə bağlı hökmü elan edib. O, 5 il həbsə məhkum edilib və 100 min avro pul məbləğində cərimələnib.
Xatirə SADİQ