Polşa öz vətəndaşlarını Belarus ərazisini dərhal tərk etməyə çağırdı
Polşa hökuməti Belarusla sərhəddəki iki keçid məntəqəsində hərəkəti bərpa edib və öz vətəndaşlarını dərhal bu respublikanın ərazisini tərk etməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşanın Minskdəki səfirliyi məlumat yayıb.
Hazırda Terspol-Brest sərhəd-keçid məntəqəsi sərnişin, Koroşçin-Kozloviçi sərhəd keçid məntəqəsi isə yük daşımaları üçün açıqdır.
Səfirlik nəzərə çatdırıb ki, gərginliyin, regionda hərbi hadisələrin artması və Polşa vətəndaşlarının əsassız həbsi halları səbəbindən Polşa Xarici İşlər Nazirliyi (XİN) Belarusa hər hansı səfəri tövsiyə etmir.
“Təhlükəsizliklə bağlı vəziyyətin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar təqdirində, təxliyə əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər. XİN hazırda Belarus Respublikasında olan Polşa vətəndaşlarını mövcud kommersiya və özəl vasitələrdən istifadə edərək dərhal ölkəni tərk etməyə çağırır”, - deyə səfirliyin bəyanatında bildirilir.
Qeyd edək ki, Polşanın baş naziri Donald Tusk çərşənbə axşamı Belarusla sərhədin açıldığını elan edib.
Xatırladaq ki, sentyabrın 12-dən etibarən Polşa və Belarus arasında bütün sərhəd keçid məntəqələri bağlanmışdı. “Zapad-2025” Rusiya-Belarus hərbi təlimləri ilə əlaqədar hər iki istiqamətdə – Polşadan Belarusa və əks istiqamətdə sərhəd nəqliyyatının dayandırılması qüvvəyə minmişdi.
Xatirə SADİQ